“O narazı qüvvələri birləşdirməyə gücü çatan adamdır”
“Rüstəm İbrahimbəyov hakimiyyətdən narazı qüvvələri birləşdirməyə gücü və savadı çatan bir adamdır. Rüstəm müəllim rəsmi şəkildə prezidentliyə namizəd kimi qeydiyyatdan keçsə, onun qələbəsi şübhə doğurmayacaq”.
Bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun gələcək siyasi fəaliyyətini şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, Rüstəm İbrahimbəyov təmiz insan və ziyalı olduğundan namizədliyi rəsmi şəkildə qeydə alınacaq.
“Bundan sonra Rüstəm müəllim qanun çərçivəsində mübarizə aparacaq”. Bu vaxta qədər vahid namizədlə bağlı bir mövqedən çıxış edə bilməyən müxalifətin indiki şəraitdə Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməsinə isə siyasi ekspert aydınlıq gətirib.
“Bunu həm reallıq tələb edir, həm də bir taktiki gedişatdır. Bəllidir ki, hakimiyyət inzibati və informasiya resurslarını bir araya gətirib şəffaf mübarizədən geri çəkilib. Bu baxımdan hakimiyyətdən narazı kəsim də anladı ki, bir araya gəlib vahid komanda ilə mübarizə aparmaq lazımdır”.
Politoloq Rüstəm İbrahimbəyovun istədiyi vaxt Azərbaycana gələ biləcəyini də deməklə onun Vətənə qayıtmaması ilə bağlı səslənən ittihamlara cavab verib.
Müxalifət cəbhəsində vahid komanda ilə mübarizə aparmağın tarixinə nəzər salan politoloq Milli Şura ilə analogiya aparıb.
“Mən bilirəm ki, o vaxtkı AXC-nin 1989-cu ildə qalib gəlmək şansları çox idi. 20 Yanvar faciəsindən sonra isə bu şans itdi. Bundan sonra çevriliş yolu ilə hakimiyyətə gəlmək yolu seçildi. İndi isə vahid namizəd müəyyənləşdi. Hakimiyyətin mənbəyi olan xalq da öz seçimini edib qərar verəcək”.
1998-ci ildə vahid namizədlə bağlı bir mövqeyə gələ bilməyən Müsavat başqanı İsa Qəmbərin Rüstəm İbrahimbəyovu dəstəkləməsinə isə politoloq belə aydınlıq gətirib: “Müxalifətə ciddi basqılar var. Onları televiziyaya buraxmırlar. Müxalifətdə olan insanları sanki xalq düşməni elan edirlər. Bu situasiyada vahid namizəd məsələsi həll olundu və çox müsbət haldır”-deyə o, vurğulayıb.
Aqşin KƏRİMOV