Modern.az

Akif Muradverdiyevin səhhəti pisləşib

Akif Muradverdiyevin səhhəti pisləşib

3 İyul 2013, 11:56

Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin həbsi ilə bağlı Avropa Məhkəməsinə şikayət veriləcək. Bu barədə Modern.az saytına A.Muradverdiyevin vəkili Fuad Ağayev məlumat verib.

Vəkilin sözlərinə görə, Muradverdiyevin qanunsuz həbsi ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır.

Müvəkkili ilə mütəmadi görüşdüyünü deyən F.Ağayevin sözlərinə görə, A.Muradverdiyevin səhhətinə problem yaranıb:

“Şikayət vermişik. Səbail rayon Məhkəməsində baxılmalıdır. Akif müəllimin hüquqlarını mən də daxil olmaqla iki vəkil qoruyuruq. Elə gün olmur ki, görüşməyək. Müəyyən xəstəlikləri var. Azadlıqdan məhrum ediləndən sonra xəstəlikləri büruzə verib. Bu gün də görüşəcəm. Avropa Məhkəməsinə də şikayət veriləcək, başqa addımlar da atacağıq”-deyə vəkil bildirib:

Rəsmi məlumata görə, A.Muradverdiyev 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.

Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...