Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahan iştirakçıları arasında 1 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Həmin şəxs Naxçıvan Qarnizonunun tam orta məktəbinin şagirdi Məmmədli Məhəmməd Qurban oğludur.
9-cular arasında birinci yerə çıxan Məhəmməd təssüratlarını Modern.az-la bölüşüb.
O, imtahanların nəticəsini öyrəndikdən sona sevinc dolu anlar yaşadığını deyib.
"İmtahan zamanı keçirmədiyim həyacanı indi yaşayıram. Özümü çox xoşbəxt hiss edirəm. Yüksək nəticə göstərmək çox fərqli, möhtəşəm hisdir. Əvvəldən dərslərə ciddi hazırlaşanda imtahan çətin olmur".
Məhəmməd ali məktəblərə qəbul imtahanında 700 bal yığmağı hədəflədiyini bildirib. Lakin o, hansı ixtisas qrupu üzrə imtahan verəcəyini hələlik qərarlaşdırmadığını söyləyib:
"9-cu sinfin başlanğıcından hazırlığa gedirdim. Müəllimlərimin əməyi çox böyükdür. Onlara təşəkkür edirəm. Ali məktəblərə qəbul imtahanında hədəfim 700 baldır. İnanıram ki, bu istəyimə də çatacağam".