Modern.az

“Azərbaycanı kəşf et”mək üçün imkanlar genişlənir

“Azərbaycanı kəşf et”mək üçün  imkanlar genişlənir

3 İyul 2013, 12:35


Bu ilin martından Azərbaycana gələn turistlər üçün elektron viza sistemi tətbiq olunur. Ümumdünya Turizm Təşkilatı prezidentin bu barədə sərəncamını alqışlayan bəyanat yayıb. Təşkilatın baş katibi Taleb Rifai bildirib ki, Azərbaycanın bu qərarı ölkədə turizmin inkişafına təkan verəcək və yeni sistemin tətbiqi Azərbaycana beynəlxalq turist axınını artırmaqla, bütövlükdə ölkənin turizm sektorunun daha da inkişafına gətirib çıxaracaq. 

Sirr deyil ki, viza sisteminin sadələşdirilməsi turizmin inkişafına və dolayısı ilə iqtisadi inkişafa müsbət təsir edən başlıca amillərdən biridir. Azərbaycan isə turizm üçün hər baxımdan cəlbedici məkandır. Gözəl təbiət, misilsiz tarixi abidələr, fərqli mətbəx, qonaqpərvərlik. Xarici turistləri cəlb etmək, ölkəyə gələn qonaqların sayını artırmaq üçün neçə illərdir  dövlət səviyyəsində bir sıra addımlar atılır. Son illər paytaxtda onlarla iri miqyaslı konfranslar, yarışmalar, idman tədbirləri baş tutub və hökumət daha nüfuzlu beynəlxalq toplantıların Bakıda keçirilməsinə iddialıdır.

Turizm üzrə ekspert, “Victory Tour” şirkətinin baş meneceri Vüsal Hacıyevin sözlərinə görə, son aylar Azərbaycana gələn turistləri sayında artım müşahidə olunur. Bu da turistlər üçün ölkəyə gəliş-gediş qaydalarının asanlaşdırılması ilə bağlıdır. Yeni sistem sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azaldılmasına və vaxta qənaət etməyə şərait yaradır.

Bu xidməti Azərbaycanın 26 turizm şirkəti göstərir. Turist özü haqda məlumatları göndərir, şirkət də öz akkreditasiyasına əsasən bu məlumatları xüsusi sayta daxil edir. Həmin informasiya Xarici İşlər Nazirliyində yoxlanılır, problem aşkarlanmadığı təqdirdə, 15 gün ərzində elektron təsdiq göndərilir. Həmin razılıq turistə göndərilir, o da elektron vizanı çap edib ölkəyə daxil ola bilir. Elektron vizanı cəmi 20 dollara almaq olur. V.Hacıyev deyir ki, bu formada vizanın tətbiqi daha çox turistin Azərbaycana gəlməsinə şərait yaradacaq: “Turist heç yerə getmir, konsulluqların qapısını döymür. Evdə oturur, hansısa turu bəyənən kimi onu sifariş edir və viza üçün müraciət edir. Əslində, Gürcüstana gedən turistlərin əksəriyyəti Azərbaycanı da görmək istəyir. Amma bu vaxta qədər viza prosesi bir qədər qəliz idi, Gürcüstana isə viza tələb olunmurdu. Ona görə turistlərin əksəriyyəti Gürcüstandan geri qayıdırdı”.   

Turistlərin sayını arıtmaq üçün layihə   

Öz növbəsində yerli turizm şirkətləri də əcnəbiləri cəlb edə biləcək yeni marşrutlar hazırlayır, müxtəlif layihələr icra edirlər. Bunlardan biri -  “Explore Azerbaijan” (Azərbaycanı Kəşf et) adlı layihənin əsas məqsədi  Azərbaycana xarici turistləri cəlb etməkdir. Bu işdə əsas üstünlük internetə verilib. “Victory Tour”a məxsus layihənin yeni saytında turistləri maraqlandıra biləcək hər cür məlumat var: turlar, otellər, viza xidmətləri, Azərbaycanda keçirilən mədəni tədbirlər, gəzməli-görməli yerlər, milli parklar, muzeylər, şoppinq mərkəzləri, restoran və gecə klubları haqqında məlumat yerləşdirilib. Saytı tanınmış fotoqrafların Azərbaycana aid çəkdiyi şəkilləri bəzəyir. Səhifənin “Videoqalereya” bölməsində Qobustan qayaüstü rəsmləri, Azərbaycan haqqında promo reklam çarxlarını izləmək mümkündür. “Milli musiqi” hissəsində isə məşhur xanəndələrin ifasında muğamları dinləmək olar.   

Turlar bölməsində xarici turistlər üçün təklif olunan marşrutlar haqqında ətraflı məlumat almaq, onların qiyməti ilə tanış olmaq mümkündür. Vüsal Hacıyev deyir ki, bu layihə Azərbaycan gəlmək istəyən turistin işini çox sadələşdirir. Əvvəla, saytın köməyilə əcnəbi vətəndaş Azərbaycanda istənilən marşrutu seçə bilər və kompüter arxasından durmadan sifarişini edə bilər: “Biz ümumi marşrutu təklif edirik, paketə müxtəlif qiymətli otellər də daxil olur. Azərbaycana gəlmək istəyən turist isə oteli, səfər gününü özü seçir. Qiymətə nəqliyyat, transfer, gecələmə, səhər yeməyi, muzeylərin ziyarəti daxildir”.   

Amerikanları heyrətləndirən mürəbbə   

V.Hacıyev deyir ki, Bakıda turistlər adətən Şirvanşahlar Sarayına, Miniatür kitablar muzeyinə, Şəkidə Xan sarayına və digər tarixi yerlərə gedirlər: “Amma son vaxtlar xarici turistlər insanlarla söhbət etməyi daha çox istəyirlər. Saatlarla hansısa muzeyi gəzməkdənsə, kənd yerində sadə insanlarla danışmağa, restoranlarda təmtəraqlı süfrələrə oturmaqdansa, sıravi yeməklərimizdən dadmağa üstünlük verirlər. Bu yaxınlarda amerikanlar gələndə onlara qoz mürəbbəsi təklif etdik. Dedik özünüz tapın ki,  nədən bişirilib. Hərə bir meyvə adı çəkdi, tapa bilmədilər. Mən onlara mürəbbənin qozdan bişirildiyini deyəndə çox heyrətləndilər. Onlara məhz belə məqamlar maraqlı gəlir”.   

Turizm mütəxəssisinin sözlərinə görə, hazırda Azərbaycan üzrə əcnəbilər üçün ən populyar marşrut Qərb-Şimal zonasınadır. Bakı, Şamaxı, Lahıc, Qəbələ, Şəkini gəzib sonra da  Gürcüstana keçirlər. Turistlərin maraqla qarşıladıqları istiqamətlərdən biri də Yoqa Turlarıdır. Bu tur çərçivəsində turistlərin yoqa təlimçiləri ilə birlikdə 5-6 günlük regionlardan birinə səfəri təşkil olunur. Burada insanlara stress atmaq üçün xüsusi təlim keçirilir, məxsusi yeməklər verilir. Onlar həm də Azərbaycanın gözəl yerlərini görmüş olurlar. Kulinariya ilə maraqlanan turistlərə isə Azərbaycan yeməklərinin hazırlanması prosesində iştirak etmək də təklif olunur. Vüsal Hacıyevin sözlərinə görə, turistlər burda gördükləri haqda məlumatları yayır və digərlərini də maraqlandırır: “Ölkənin ən  yaxşı reklamı turistlərin özlərinin verdiyi şərhlər, yaydığı şəkillərdir”.   

Qeyd edək ki, rəsmi statistika da Azərbaycana gələn xarici vətəndaşların sayının ilsən-ilə artdığını göstərir. Son 3 ildə Azərbaycan sərhədini keçənlərin sayında 40 faizdən çox artım qeydə alınıb. Son 10 ildə isə ölkəyə ayaq basan əcnəbi vətəndaşların sayı 2 dəfədən çox artıb. 2001-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 767 min nəfər olduğu halda, 2005-ci ildə onların sayı 1 milyon 177 min, 2010-cu ildə isə 1 milyon 963 min nəfərə yüksəlib, 2011-ci ildə isə  2 milyon 240 min insan bura səfər edib.  

 

  Fərəh Sabirqızı  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...