Azərbaycanda tədris müddətinin dəyişdirilməsi təklif olunur. Bəzi ekspert və deputatların fikrincə, məktəblərdə dərslər əvvəllər olduğu kimi sentyabrın 15-də deyil, ayın 1-də başlanmalıdır. Lakin Elm və Təhsil Nazirliyi bu təkliflərə müsbət yanaşmadığını bəyan edib.
Maraqlıdır, dərslərin 15 gün tez başlaması təhsildə nəyi dəyişə bilər?
Mövzu ilə bağlı Modern.az-a danışan professor, deputat Musa Qasımlı dərs ilinin sentyabr ayının 1-də başlayıb, mayın sonlarında bitməsinin daha məqsədəuyğun olduğunu düşünür.
“Heç kimə sirr deyil ki, tədris ili iyunun 15-də başa çatsa da, may ayının ortalarından sonra məktəblərin yuxarı siniflərində dərslər demək olar keçirilmir. Bunun da bəlli səbəbləri var. Ali məktəblərə imtahan vermiş abituriyentlər yenidən məktəbdə parta arxasına gəlmirlər. Belə vəziyyətdən çıxış yolu nədir? Hesab edirəm ki, ilk növbədə tədris ili 1 sentyabr tarixindən başlamalı və may ayının sonlarında başa çatmalıdır. Əgər bu qayda tətbiq olunarsa, şagirdlərimiz daha çox məktəbdə iştirak edər, nizam-intizam yaranar və dərslərin keyfiyyəti yaxşılaşar”, - deputat vurğulayıb.
Təhsil eksperti Elşən Qafarov isə tədris ilinin uzadılmasını, yəni sentyabr ayının 1-i başlayıb, iyunun 14-də bitməsinin daha doğru olacağını hesab edir:
“Tədris ili müddəti ilə əlaqədar hər il müəyyən müzakirələr aparılır. Bu hal Azərbaycanda tədris ilinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlıdır. Beynəlxalq təcrübədə təhsili inkişaf etmiş ölkələrin əksəriyyətində tədris ili 34-36 həftədir. Bizdə isə tədris ilinin müddəti Nazirlər Kabinetinin 24 fevral 2020-ci il qərarı ilə tənzimlənir. Azərbaycanda tədris ilinin müddəti 34 həftə olaraq təyin edilib. Lakin elm və təhsil nazirinin bir neçə gün öncə brifinqdə tədris ili müddəti ilə bağlı səsləndirdiyi fikir cəmiyyətdə və mətbuatda düzgün qarşılanmayıb. Nazir deyib ki, bu məsələnin dəyişdirilməsi müzakirə olunmur. Amma təhsildə işləyən şəxs kimi mən də, tədris ilinin sentyabr ayının 1-dən başlamasının tərəfdarıyam. Lakin mənim şəxsi fikrimə qalarsa, tədris ilinin müddəti 36 həftəyə çatdırılsa, daha məqsədəuyğun olar. Tədris ilinin sentyabrın 1-dən iyunun 14-nə qədər olması daha optimal variantdır. Bunun üçün tədbirlər görülməlidir. Hazırda tədris ilinin müddəti 34 həftədir və dərslərin başlaması 1 sentyabra təyin edilərsə, tədris ilinin müddəti 36 həftəyə çataraq beynəlxalq tələblərə uyğunlaşdırılmış olar. Hesab edirəm ki, belə addımın atılması daha yaxşıdır”.
Təhsil eksperti Elçin Efəndi tətil müddətinin 8 həftə olmasını yetərli hesab edərək, tədris ilinin sentyabr ayının 1-də başlayıb, iyunun 30-da bitməli olduğunu söyləyib.
“Mövcud tədris ili dövrü 15 sentyabr-14 iyun tarixlərini əhatə edir. Burada demək olar ki, şagirdlərə, eyni zamanda tələbələrə 3 aylıq istirahət dövrü var. Düşünürəm ki, biz dünyanın əksər ölkələrinə baxsaq, oradakı təhsil dövrü ilə bizim təhsil dövrü arasında böyük fərq olduğunu görə bilərik. Bəzi inkişaf etmiş ölkələrdə, məsələn, Yaponiya, Sinqapur, Avropa ölkələrindən bir çoxunda şagirdlərə verilən tətil müddəti qısa olur. Nəticə etibarilə tətil müddəti bizdə 12 həftəlik dövrü əhatə edirsə, orada 7-8, bəzilərində 4-5 həftəlik dövrü əhatə edir. Bu nöqteyi-nəzərdən tətil dövrünün qısaldılması şagirdlərin prosesə daha tez adaptasiya olmasına gətirib çıxara bilər. Sentyabr ayının 15-i dərslər başladıqda biz onu müşahidə edirik ki, hətta sentyabrın sonuna qədər davamiyyət tam qaydasına düşmür. Bəziləri istirahətdən geri qayıtmır, bəziləri isə 1 həftə gecikmə ilə qayıdır. Təbii ki, onların 15 gün ərzində prosesə qoşulmaları müəyyən qədər vaxt aparır. Bu da keyfiyyət göstəricilərinin aşağı olmasına gətirib çıxarır".
"Hesab edirəm ki, biz tədris ilinə sentyabr ayının 1-dən başlasaq və prosesi iyun ayının 30-da yekunlaşdırsaq, itirdiyimiz günləri bərpa edə bilərik. Fikrimcə, bu amili nəzərə alsaq, 7-8 həftəlik tətil dövrü abituriyentlər, şagirdlər, eyni zamanda tələbələr üçün kifayət qədər uyğun olar. Amma bununla paralel təhsilin keyfiyyət göstəricilərini də nəzərə almalıyıq. Dərs vəsaitləri şagirdlərin bilik və bacarıqları baxımından daha uyğun olmalıdır. Eyni zamanda müəllimlərin keyfiyyət göstəriciləri yüksək olmalıdır”, - ekspert əlavə edib.
Aytac Əsədova