Modern.az

Bu müəllimlərin maaşının artırılması ədalətsizlikdir - Deputat

Bu müəllimlərin maaşının artırılması ədalətsizlikdir - Deputat

Təhsil

22 May 2023, 13:50

Yaşı 60-ı keçən müəllimlərin sertifikasiya imtahanında iştirakı könüllü olacaq. İmtahanda iştirak edib, uğur qazanan müəllimlərin maaşları artırılacaq. Lakin sertifikasiyadan keçməyən yaşlı pedaqoqlar maaş artımından kənarda qalacaqlar. 

 

“60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə imtahanda iştirak edəcəklər. Əgər iştirak etsələr əməkhaqlarında təbii ki, dəyişiklik olacaq. İştirak etməsələr artım onlara şamil olunmayacaq”, - Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

Bəs həyatının böyük hissəsini təhsilə həsr etmiş yaşlı müəllimlərin maaş sınağına çəkilməsi düzgündürmü?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışa Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva bildirib ki, 60 yaşdan yuxarı müəllimlərin sertifikasiya imtahanında iştirakının könüllü olması humanist yanaşmadır:

 

“Müəllimlərin sertifikasiyadan keçməsi ilə əlaqədar Milli Məclisin Elm və təhsil komitəsində qanun qəbul olunub. Sertifikasiyadan keçmək qanuni baxımından mütləqdir. Lakin Elm və Təhsil Nazirliyi humanist addım atdı. Beləliklə, 60 yaşı keçən müəllimlərin sertifikasiyadan keçməsinin məcburi yox, könüllü olmasına qərar verildi”.

 

Deputat vurğulayıb ki, sertifikasiyadan keçən müəllimlərlə keçməyənlərin eyni maaşı alması ədalətsizlik olar:

 

“Kim istəsə, imtahanda iştirak edə və maaşının artırılmasına nail ola bilər. Əgər biz sertifikasiya imtahanında iştirak etməyən 60-yaşdan yuxarı müəllimlərin maaşını da artırsaq, bu, həm qanundankənar hal olar, həm də ədalət prinsipi pozulardı. Kimsə əziyyət çəkir hazırlaşır və imtahanda iştirak edərək bal toplayır. Könüllü olaraq imtahanda iştirak etməyənlərlə, əziyyət çəkib imtahanda bal toplayanlarıın eyni maaşı alması ədalətsizlik olardı. Ancaq bir daha deyirəm ki, 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyada iştirakının məcburi yox, könüllü olması humanist addımdır”.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək