Modern.az

Əli Kərimlinin müavinini "yumurta atəşi"nə tutdular - OLAY

Əli Kərimlinin müavinini "yumurta atəşi"nə tutdular - OLAY

6 İyul 2013, 14:13


AXCP sədrinin müavini Gözəl Bayramlı və Qadınlar Şurasının üzvü Nüşabə Atakişiyeva Qəbələdə polis təxribatı ilə üzləşiblər. Bu barədə azadliq.info-ya G.Bayramlı məlumat verib.
AXCP Qəbələ şöbəsinin müşavirəsində iştirak etmək üçün rayona ezam olunan G.Bayramlı və N.Atakişiyeva hələ iclas başlamamış, yerli fəallarla söhbət edərkən bir nəfər mülki şəxs onlara yaxınlaşıb və polis rəisinin müavini Ramin Qədirov olduğunu bildirib. O, cəbhəçilərdən dağılışmağı, G.Bayramlı ilə N.Atakişiyevadan isə rayonu tərk etməyi istəyib. Elə bu zaman ərazidə onlarla polis və mülki geyimli, polis maşınları “peyda olub”.
G.Bayramlı bildirir ki, polis rəisinin müavini onları dağılışmayacaqları təqdirdə polislərin zora əl atacağı, cəbhəçilərin həbs ediləcəyi ilə hədələyib. Bakıdan ezam olunan AXCP nümayəndələri qarşıdurmaya və təxribatının baş tutmasına imkan verməmək üçün iclası təxirə salıblar. Lakin Qəbələ polisi bununla da onlardan əl çəkməyib.
G.Bayramlı deyir ki, onlar rayondan çıxarkən polis rəisinin 1-ci müavini Əfqan Bəkirov, Cinayət-Axtarış Şöbəsinin müstəntiqi Elçin İsmayılov və daha 2 avtomobildə tanımadıqları mülki geyimlilər onları təqib etməyə başlayıblar. Yolda Ə.Bəkirovun rəhbərliyi altında 4 nəfər öyrədilmiş gənc AXCP nümayəndələrinin avtomobilini yumurta atəşinə tutub. Sədr müavini bildirir ki, əldə etdikləri ilkin məlumata görə, həmin gənclər YAP-ın yerli təşkilat fəallarıdır.
AXCP nümayəndələri hazırda Bakıya qayıdırlar. Onları rayondan çıxana qədər polis işçiləri və mülki geyimlilər müşaiyət ediblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...