Modern.az

Əzələ timsalı: Silvestr Stallone – “Rembo”nun 67 yaşı tamam oldu - FOTOLAR

Əzələ timsalı: Silvestr Stallone – “Rembo”nun 67 yaşı tamam oldu - FOTOLAR

6 İyul 2013, 15:23

Bu gün çoxlarının “Rembo” və “Rokki” film silsilələri ilə tanıdığı məşhur Hollivud aktyoru Silvestr Stallonenin ad günüdür. 67 yaşı tamam olan Stallone hələ də yorulmaq bilmədən çətin döyüş xoreoqrafiyası olan filmlərdə çəkilməkdə davam edir.

Tam adı Maykl Silvestr Qardensio Stallone olan aktyor 1946-cı il iyulun 6-da Amerikanın Nyu-York şəhərində anadan olub. İtalyan əsilli atası Frenk Stallone, anası isə yəhudi mənşəli Jaklin Leybofitsin ailəsində dünyaya göz açan Stallone kiçik qardaşı Frenk Stallone ilə birgə böyüyüb. 30 yaşına qədər müxtəlif sahələrdə çalışan Stallone bu müddətdə “Rokki” filminin ssenarisini yazır. “United Artists” film kinostudiyasına filmin ssenarisini 1 dollara satan S. Stallone əsas şərt olaraq baş rolu özünün ifa edəcəyini bildirir. Filmdə yerli mafiozun mühafizəçisi işləyən Rokki Balboanın təsadüfən döyüşlərə qatılması və məşhur boksçuya çevrilməsindən bəhs olunur.

1 milyon dollara çəkilən “Rokki” filmi ümumilikdə dünya üzrə 225 milyon dollar gəlir gətirir. “Oskar” kinomərasimində “Ən Yaxşı film”, “Ən Yaxşı rejissor” və “Ən Yaxşı Montaj” nominasiyalarında qalib gələn Stalloneni dünya miqyasında tanınır. Rokki obrazına bundan sonra Stallone daha 4 dəfə qayıdır. 1979-cu ildə “Rokki 2”, 1982-ci ildə “Rokki 3”, 1985-ci ildə “Rokki 4”, 1990-cı ildə “Rokki 5” və 2006-cı ildə “Rokki Balboa” filmləri ilk filmin uğurunu təkrarlamasa da, kommersiya itkilərinə məruz qalmır. Stallonenin ikinci ən populyar obrazı isə Rembodur.

Vyetnam müharibəsindən geri dönən Con Rembonun mülki həyata uyğunlaşa bilməməsi və polis orqanlarının kobud münasibəti əsas süjet mövzusu olur. 1982-ci ildə ekranlara çıxan “Rembo: İlk qan” filmi 15 milyon dollara çəkilib. Film dünya üzrə 125 milyon dollar gəlir əldə edib. Ardınca 1985-ci ildə “Rembo 2”, 1988-ci ildə “Rembo 3” və son olaraq 2008-ci ildə “Rembo 4” filmi ekranlara çıxıb.

1986-cı ildə “Kobra”, 1989-cu ildə “Tanqo və Keş” filmlərindən sonra 90-cı illər Stallonenin karyerasında eniş illəri olaraq yadda qalıb. Özünü dramatik və komediya rollarında sınamaq istəyən Stallonenin bu yöndə çəkilmiş “Oskar”, Dayan! Yoxsa anam atəş açacaq”, “Dağıdıcı”, “Hakim Dred” filmləri kommersiya və bədii uğursuzluğa düçar olub.

Lakin bir neçə il davam edən susqunluqdan sonra 2000-ci illərin əvvəllərindən dirçələn Stallone öz filmlərinə rejissorluq etməyə başlayıb. 80-90-cı illərin döyüş filmlərindən məşhur olan və əvvəlki şöhrətlərinin kölgəsində qalan aktyorlarla birlikdə “Məğlubedilməzlər” filmini çəkib. 2010-cu ildə çəkilən filmin rejissoru və baş rol ifaçısı Stallone özü idi. Filmin ən maraqlı səhnələrindən biri populyarlıqda daim bir-biri ilə rəqabət aparan, lakin kino ekranlarında heç zaman görüşməyən Arnold Şvartsenegger ilə Silvestr Stallonenin bir səhnədə yer alması oldu. Hələ Kaliforniya qubernatoru vəzifəsini icra etdiyinə görə filmdə qısa səhnədə yer alan Şvartsenegger ikinci filmdə əsas rollardan birini ifa edib. Tamaşaçılar və tənqidçilər tərəfindən müsbət qarşılanan filmin ikinci hissəsi 2012-ci ildə ekranlara çıxıb. 2014-cü ilə “Məğlubedilməzlər 3” filminin çəkilişləri planlaşdırılıb. Heç vaxt Amerika Kino Akademiyası tərəfindən mükafatlandırılmayan Stallonenin adı 2012-ci ildə boksu populyarlaşdırdığına görə Ümumdünya boks şərəf Zalında əbədiləşdirilib.

Şəxsi həyatına gəlincə 3 dəfə ailə həyatı quran Stalloneni ilk nikahdan Seyc və Sercio adında iki oğlu var. Seyc Stalloone 2012-ci ildə 36 yaşında ürək tutmasından dünyasını dəyişib. İkinci dəfə “Rokki 4” filminin çəkilişləri zamanı tanış olduğu danimarkalı model Bricitta Nilsen ilə 1985-ci ildə ailə həyatı quran Stallone 2 ildən sonra böyük qalmaqalla boşanıb. Sonuncu nikahı özündən 22 yaş cavan model Ceniffer Flavinlə quran Stallonennin bu evlilikdən 3 qızı var: 16 yaşlı Sofiya, 14 yaşlı Sistin və 11 yaşlı Skarlett.

 






 

Vüqar İsmayılov          
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU