“Gərək İsa Qəmbər Rüstəm İbrahimbəyovun əvəzinə işləyəcəyini bəyan etsin..”
Yeni yaradılmış və prezident seçkilərinə qatılmaq üçün öz vahid namizədini elan etmiş Milli Şura ətrafında müzakirələr ölkə gündəminin prioritetinə çevrilib. Vahid namizədin Rüstəm İbrahimbəyov seçilməsi və Müsavat başqanı İsa Qəmbərin məsələ barədə birmənalı qarşılanmayan fikirləri müəyyən mənada Milli Şuradakı ziddiyyətli məqamlardan xəbər verir. Rüstəm İrahimbəyovun Azərbaycana gəlməsi ilə bağlı başqan İsa Qəmbərin dediklərində əslində həqiqət var. Çünki doğurdan da mətbuat səhifələrindən də izlədiyimizdən belə qənaətə gəlmək olar ki, Rüstəm İbrahimbəyovun ölkəyə gəlib prezident seçkilərində Milli Şuranın vahid namizədi kimi iştirak etməsində hüquqi cəhətdən də problemlər var. Artıq 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində iştirak etmək üçün eks-spiker, hazırda mühacirətdə olan Rəsul Quliyevin də ölkəyə qayıtmasında ciddi problemlər yarandı. Milli Şura sədri və vahid namizədinin də bu gün qarşılaşdığı problem 2005-ci il hadisələrinin Rəsul Quliyev dumanını xatırlada bilərmi? Modern.az-ın bu və digər suallarını, ADP sədri Sərdar Cəlaloğlu cavablandırıb.
Əsas panorama
Partiya sədrinin fikrincə, Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışının təxirə salınması və onun gəlişini tələb edənlərin mövqeyi siyasi imitasiyanın göstəricisidir. “Əslində bu məsələlər siyasi imitasiyanı nümayiş etdirir. Söhbət heç də Rüstəm İbrahimbəyovun rəhbərliyi altında seçkilərdə bir blokun iştirakından getmir. Bununla da onun seçkilərdə iştirakının təqlid olunması təsəvvürü yaradılır. Buna görə də seçkinin hazırlıq dövrü qısaldılır, əsas aparıcı müxalif qüvvələrin Milli Şurada başını qatması da mən dediklərimə işarədir. Görüntü bundan ibarətdir”-deyən ADP sədri belə hesab edir ki, Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması ilə bağlı təzadlı açıqlamalar verməsi onun konkret iradəsinin olmadığı anlamına gəlir. “Bu da onu göstərir ki, Rüstəm İbrahimbəyov Milli Şuraya qeyri-ciddi yanaşır”-deyə vurğulayıb.
Vahid namizədin görüşlərinə ironik sual: “Hə, sonra?”
Sözlərinin davamı olaraq son dediyini əsaslandıran ADP sədri qeyd edib ki, Milli Şuranın seçkilərdə tərəf olaraq çıxış etməyi nəzərdə tutulsa da, məsələnin əsl mahiyyəti seçki ərəfəsində proseslərə yön vermək xarakteri daşıyır. “Bunu iqtidara təzyiq vasitəsi və ya müxalifətin əsas qüvvələri bir araya gətirib onların seçkilərdə iştirakının qabağını almaq cəhdi kimi dəyərləndirmək olar”-deyə şərh edib. Sərdar Cəlaloğlu Rüstəm İbrahimbəyovun xarici ölkələrdə görüşlər keçirməsini isə heç də Milli Şuranın uğuru kimi qiymətləndirmir. “Onun hansısa senator və iş adamı ilə görüşməsinin Milli Şurada seçkilərdə iştirakına heç bir aidiyyatı yoxdur. Çünki bir neçə il bundan öncə bütün dünya Azərbaycanla bağlı strategiyalarını müəyyən ediblər. Fərz edək ki, Rüstəm İbrahimbəyov görüşdüyü hansısa konqresmeni inandırdı ki, Milli Şura adlı bir qurum var. Hə, sonra? Bu nə deməkdir? İki-üç senatorun dedikləri Konqresin qərarı deyil axı! Və yaxud gedib hər hansı prezidentin köməkçisi ilə görüşdü və dedi ki, Azərbaycanda vəziyyət pisdir. Onlar da Rüstəm İbrahimbəyovu dinləyib cavab verdilər ki, “hə düz deyirsən”. Amma bu dəstək deyil axı. ABŞ dövləti Suriya müxalifətinə külli miqdarda pul ayırır. Yenə də ordakı müxalif qüvvələr tam olaraq bir araya gələ bilmir”-deyə müqayisə aparıb.
Rəsul Quliyev timsalında bədbin ehtimallar
Milli Şuranın görəcəyi əsas işlərdən danışan partiya rəsmisi yeni yaranmış birlik haqqında pessimist proqnozlar verib. “Əsas iş Azərbaycanda görülməlidir. Milli Şura Rüstəm İbrahimbəyovsuz iş görməyəcəksə, o zaman onun gəlməməsi yeni yaradılmış birliyin iflası deməkdir. Gərək İsa Qəmbər və digər Milli Şura üzvləri desinlər ki, seçdikləri şəxsin Azərbaycana gəlməsini vacib hesab etmirlər, onun Moskvada oturmasını məqsədə uyğun sayırlar. Bununla da qeyd etsinlər ki, onlar özləri Rüstəm İbrahimbəyovun əvəzinə işləyəcəklər. Ya da Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməmişdən qabaq onun Azərbaycana gəlişi təmin edilsin. Biz də analoji problemləri yaşamışıq. ADP uzun müddət Rəsul Quliyevin rəhbərliyi altında olub. On il müddətində biz repressiyalara məruz qaldıq, həyatımıza qəsd etdilər və s. Hər cür başımıza oyun açıblar. İndi də ADP taleyini Milli Şura yaşayır”.
Xomeyni ilə İbrahimbəyovun müqayisəsi
Partiya sədri bildirib ki, Milli Şuraya olan inam Rüstəm İbrahimbəyov faktoru ilə bağlıdır. “Hansı ki, bu da onun şəxsiyyəti yox, birbaşa imkanları ilə əlaqəli olan inamdır. Bilirik ki, onun Rusiyada və digər ölkələrdə müəyyən dairələrlə əlaqələri mövcuddur. Əgər Rüstəm İbrahimbəyov amili arxa plana keçəcəksə, Milli Şura Azərbaycanda heç bir iş görə bilməyəcək. Necə ki, biz on ildə heç bir iş görə bilmədik. Həmin vaxt bizim aparıcı qüvvəmiz Rəsul Quliyev faktoru idi. Məlum oldu ki, gözlənilən lider gəlməyənə qədər xalqda inam olmur. Əks təqdirdə Milli Şuranın piketləri, Müsavatın, AXCP-nin, İctimai Palatanın keçirdiyi aksiyalardan fərqli olmayacaq. Çünki xalq özü iştirak etməlidir orda. Milli Şura çox mürəkkəb bir problem qarşısındadır.
Xomeyni də xaricdə idi, İranda inqilab olanda gəldi. Ona görə də qalib çıxdılar. Bu mənada seçkilərə az qalmış Rüstəm İbrahimbəyovun qayıtmasının heç bir mənası olmayacaq. Onun gəlməyəcəyi məqamda Müsavat partiyası öz namizədi ilə seçkiyə qatılacaqsa hamı deyəcək ki, onlar satqındır. Fakt da budur ki, İsa Qəmbər və Müsavat partiyasına qarşı açıq şəkildə piar kompaniyası aparırlar. Özləri isə Rüstəm İbrahimbəyov məsələsini həll etmirlər”-deyə vurğulayıb.
Aqşin KƏRİMOV