Modern.az

Magistratura, yoxsa əsgər getməmək üçün bəhanə…  

Magistratura, yoxsa əsgər getməmək üçün bəhanə…  

Təhsil

1 İyun 2023, 15:54

2016-cı ildə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklə Azərbaycanda ali təhsilin magistratura pilləsinə qəbul olan oğlanlara hərbi xidmətdən möhlət hüququ verilir. Artıq oğlanlar yalnız bakalavr deyil, magistratura pilləsini başa vurduqdan sonra məcburi hərbi xidmətə göndərilir. Bununla yanaşı, magistratura pilləsini başa vurduqdan sonra doktoranturanı bitirib məcburi hərbi xidmətdən tamamilə azad olmaq mümkündür.

 

İddialara görə, sözügedən qanunun qəbul edilməsində məqsəd təhsildə fasiləsizliyin təmin edilməsi olsa da, magistratura bəzi gənclər üçün hərbi xidmətə getməmək və ya daha gec getmək üçün vasitəyə çevrilib. 


Statistik rəqəmlər göstərir ki, qanun layihəsinə dəyişiklikdən sonra magistr pilləsində oxuyan oğlanların sayında ciddi artım müşahidə edilir.

 

Magistraturaya qəbul olunan oğlanların sayı

 

2016-2017-ci il - 1593 nəfər
2017-2018-ci il - 2771 nəfər
2018-2019-cu il - 2816 nəfər 
2019-2020-ci il - 2899 nəfər
2020-2021-ci il - 4029 nəfər

 

2016-2017-ci təhsil ilində cəmi 1593 oğlan magistr adı qazanmışdısa, 2021-ci ildə bu rəqəm 2.5 dəfə artaraq 4029-a yüksəlib. Həmin müddət ərzində magistraturaya qəbul olunanlar arasında oğlanların xüsusi çəkisi ardıcıl şəkildə artıb. Əgər 2016-2017-ci tədris ilində magistr adı qazananların cəmi 34 faizi oğlan idisə, 2021-ci ildə həmin göstərici 47 faizə çatıb.

 

Göründüyü kimi, oğlanlar arasında magistraturaya qəbul olanların sayında ciddi artım var. Sayın artmasında, şübhəsiz ki, hərbi xidmətdən möhlət hüququnun verilməsi xüsusi rol oynayıb. Bəzi ekspertlər hesab edirlər ki, say artımı tam ali təhsilin olduqca vacib mərhələsi hesab edilən magistratura pilləsini "mənasızlaşdırır". Belə ki, hərbi xidmətə getməmək üçün "məcburən" təhsilini davam etdirən şəxslər həqiqətən magistratura oxumaq istəyənlərin yerini tutur və bu da özlüyündə bir sıra problemlərə səbəb olur.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov gənclərin hərbi xidmətdən yayınmaq məqsədilə magistratura təhsilinə üz tutmasının qəbuledilməz olduğunu deyib:

 

“Öncə qeyd edim ki, magistratura mərhələsində hərbi xidmətdən möhlət verilməsi hər bir vətəndaşımızın hüququdur. İstənilən vətəndaş bu hüquqa malikdir. İnsanların hərbi xidmətdən yayınmaq üçün magistratura təhsilinə üz tutması məsələsinə gəldikdə isə hesab edirəm ki, bu, qeyri-düzgün əməldir. Yəni sırf bu məqsədlə şəxslərin magistratura təhsilinə üz tutması qəbuledilməzdir. Bu, hər bir vətəndaşın vicdanına buraxılmış məsələdir. Hesab edirəm ki, insanlarımız belə məsələlərdə çox diqqətli olmalıdır”.

 

 

Təhsil eksperti Nadir İsrafilov isə gənclərin müxtəlif məqsədlər üçün magistratura təhsili almaq istədiyini bildirib:

 

"Bu gün magistratura təhsilinə heç də hamı tərəfindən birmənalı yanaşılmır. Kimsə magistratura təhsil pilləsində ixtisası üzrə elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq, dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək magistr ali elmi-ixtisas dərəcəsi və müvafiq qaydada dövlət nümunəli sənəd - diplom almaq arzusundadırsa, digərləri sadəcə vaxt keçirib bu müddət ərzində hansısa planlarını həyata keçirmək, bəziləri isə dəb xatirinə, başqalarından fərqlənmək naminə bu addımı atır. Bəziləri isə şan-şöhrət xatirinə, ikinci diploma sahib olmaq üçün magistratura oxuyurlar.

 

Hələ 2016-cı ildə Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin "Elm haqqında" qanun layihəsindən çıxarılması cəmiyyətdə birmənalı qarşılanmayaraq, gündəmin əsas mövzularından birinə çevrilmişdi. Belə ki, Dövlət İmtahan Mərkəzinin proqnozlarına görə, həmin il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdə kifayət qədər boş yer qalacağı, magistr səviyyəsi üzrə plan yerlərinin namizədlərdən daha çox olması, magistratura üzrə 50 proqramın mövcudluğuna rəğmən cəmi 3 proqramda bir yerə təxminən 2 nəfərdən ibarət müsabiqə vəziyyəti yaranması, yerdə qalan proqramlarda bir yer uğrunda müsabiqədə cəmi 1 nəfərin iştirak edəcəyi, hətta bəzi proqramlarda müsabiqə vəziyyətinin çox aşağı olacağı barədə açıqlamaları müəyyən narahatlıqlar yaradıb".

 

 

Ekspertin sözlərinə görə, magistratura pilləsində təhsil almaq istəyən tələbələrə möhlət hüququnun verilməsi sayəsində təhsilin bu pilləsinə qəbul olunan oğlanların sayında əhəmiyyətli artım müşahidə olunub.

 

“Milli Məclisdə belə bir arqument gətirilmişdi ki, magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Hərbi səfərbərlik haqqında" qanunun predmetidir. Yəni, orada dəyişiklik olmadan burada dəyişiklik edilə bilməz. Bununla belə, Elm və Təhsil Nazirliyi də etiraf etdi ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 63,9% təşkil edir. İstər Elm və Təhsil Nazirliyinin, istərsə də Dövlət İmtahan Mərkəzinin statistikası göstərir ki, elmdə qocalma prosesi gedir. Elmə və elmi fəaliyyətə maraq getdikcə daralır. Nəhayət, magistr və doktorantura pilləsində təhsil alanlara möhlət hüququnun verilməsinin elm sahəsinə marağı stimullaşdıra biləcəyi qərarına gələrək, bu ideya reallaşdırıldı. 

 

Nəticədə magistratura pilləsində oxuyan tələbələrə möhlət hüququnun verilməsi sayəsində təhsilin bu pilləsinə qəbul olunan oğlanların sayında əhəmiyyətli artıma nail olunub. Bunun nəticəsi olaraq, bakalavr pilləsində qızlarla oğlanlar arasında olan gender bərabərliyi magistratura səviyyəsində tam bərqərar olmasa da, xeyli müsbət dəyişiklik baş verib. 2019-cu ilin fevral ayında Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavr və magistratura pillələri üzrə yeni ixtisas təsnifatı təsdiq edilib. 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul artıq yeni təsnifat əsasında aparılır. Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il 6 nömrəli qərarına əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulur.

 

Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq, təhsilalanlarımız – bakalavrlar, magistrlər isə müstəqil həyatda özlərinə yer tapmalı, səmərəli əmək fəaliyyətinə qoşulmaqda müəyyən çətinliklərlə üzləşməmək, özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli, təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar”, - ekspert əlavə edib.

 

Aytac Əsədova

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü