Modern.az

Keçmiş döyüçülərdən eks-nazir müavininə sərt cavab: “Cənab general, bəlkə əyri oturub, düz danışaq”

Keçmiş döyüçülərdən eks-nazir müavininə sərt cavab: “Cənab general, bəlkə əyri oturub, düz danışaq”

8 İyul 2013, 13:43

Modern.az saytı bir neçə gün öncə Azərbaycan daxili işlər nazirinin sabiq müavini, hazırda Rusiyada yaşayan general-mayor Rafiq Ağayevin Azərbaycan xalqına müraciətini yaymışdı.

Müraciətdə general “Milyarderlər ittifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqını, eləcə də “AzərRos”u müdafiə edib, onlara qarşı Azərbaycanda səsləndirilən bəzi ittihamlara qarşı çıxıb.

Xocavənd rayonundan olan keçmiş döyüşçülər isə Rafiq Ağayevə Moder.az vasitəsilə etiraz ediblər. Keçmiş döyüşçülər bildiriblər:

”Bu gün Azərbaycan xalqı qarşısında heç bir xidməti, dövlət və dövlətçilik uğrunda heç bir fəaliyyəti olmayan insanlar xarici ölkələrdə oturub Azərbaycan xalqına müraciət etməkdən belə,  çəkinmirlər. Lakin əsas olan bir şeyi unudurlar ki, xalqa müraciət etmək üçün mənəvi haqqın olmalıdır. Hazırda Rusiyada yaşayan general-mayor Rafiq Ağayevin Azərbaycan xalqına ünvanladığı 04 iyul 2013-cü il tarixli müraciətini oxuduq və çox dərin təhlilə varmadan Rafiq Ağayev haqqında olan bəzi qaranlıq məqamlara nəzər saldıq.

1993-cü ilin yay ayları cəbhədə olduqca çətin və kritik vəziyyət idi. Bütün cəbhə boyu ermənilərin hücumları davam edirdi. Ölkədə olan  siyasi və hərbi gərginlik özünün pik həddindəydi. Belə bir vaxtda  korpus komandiri kimi cəbhədə, döyüş mövqeyində öz vəzifə və vətəndaşlıq borcunu yetirməli olan cənab Ağayev qanuni hakimiyyəti zor güçünə devirmək kimi avantürist bir əmələ imza atdı. Hədəf isə Beyləqan rayonunun İcra Hakimiyyəti idi. 14 iyul 1993-cü il tarixdə Rafiq Ağayev 60 nəfərdən çox hərbçi ilə Beyləqan Rayon İcra Hakimiyyətinin binasını mühasirəyə aldı, icra başçısına zor tətbiq edərək, hakimiyyəti təhvil verməsini tələb etdi. Bəli, qanuni hakimiyyət devrildi və cənab Ağayev öz adamını özbaşına olaraq rayona başçı təyin etdi, sonra isə bunu cənub rayonları istiqamətində də davam etdirmək niyyətinə düşdü. Baş vermiş hadisə ilə bağlı Beyləqan Rayon Polis Şöbəsinə daxil olmuş məlumata uyğun olaraq əməliyyat planı həyata keçirildi və rayon polis əməkdaşları ilə Beyləqan batalyonu əsgərlərinin birgə keçirdikləri əməliyyat nəticəsində Ağayevin dəstəsindən içərilərində zabitlərin də olduğu  60 nəfərə qədər adam tərk-silah edilərək saxlanıldı, Ağayev isə bir neçə adamla rayonun Daşburun qəsəbəsi istiqamətində aradan çıxmağa müvəffəq oldu.

Rafiq Ağayev, cənab general bəlkə siz bilmirsiniz, yaxud da unutmusunuz. Amma bildiririk ki, həmin saxlanılan insanların yarıdan çoxu izahatlarında Ağcabədi rayonu ərazisində yerləşən  hərbi hissənin əsgərləri olduqlarını bildirmişdilər. Və qeyd etmişdilər ki, Beyləqan istiqamətində ermənilərin hücumunun qarşısını almaq üçün təcili olaraq sizin rəhbərliyiniz altında həmin əraziyə  getməli olduqları barədə məhz sizdən əmr alıblar. Yəqin ki, həmin sənədlər bu gün də saxlanılır.

Bəli cənab general, bu deyilən faktlar sizin keçmiş fəaliyyətinizin sadəcə bir epizodu idi. Amma həmin hadisənin ən biyabırçı sonluğu isə hələ qabaqda idi.  Qeyd etdiyimiz kimi, sizin döyüş mövqeyinə çıxmaq adı ilə aldadıb Beyləqan Rayon İcra Hakimiyyətinə təşkil etdiyiniz hücumun iştirakçıları zərərsizləşdirildikdən sonra qaçıb aradan çıxa bildiniz və hansı məqsədləsə  Daşburun qəsəbəsində yerləşən hərbi hissəyə gəldiniz. Sizin mövcud hakimiyyəti silah gücünə  devirməklə bağlı cinayət əməli törətməyiniz barədə məlumat almış hərbi hissə üzrə növbətçi kapitan İmamqulu Məmmədov (Zıkin ləqəbli) tərəfindən saxlanmağınız baradə hələ də danışılır. Bir müddətdən sonra azad edildiniz, amma sonralar bizim bildiyimizə görə Ağdam istiqamətindəki fəaliyyətinizin, yaxu da fəaliyyətsizliyinizin hansısa qaranlıq məıqamlarına görə həbs olunaraq daha uzun müddətə həbsxanaya göndərildiniz.

Bir daha bildiririk ki, millətin adından danışmaq hüququ, xalqa müraciət etmək haqqı yalnız dövlətinə və dövlətçiliyinə sadiq olan, ona şərəflə xidmət edən insanlara məxsusdur.  

Bəli cənab general, heç kim və heç nə unudulmur.

Xocavənd rayonundan olan keçmiş döyüşçülər:
Həsənov Eynullah
İmanov Zeynal
Namazov Elçin
Nəsirov Fikrət
Quliyev Adil

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...