İyulun 8-də Azərbaycanın 10-dan çox tanınmış siyasi partiyasının rəhbəri ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə görüşüblər. Görüşdə iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Yeni Müsavat”a verdiyi açıqlamaya görə, görüş ənənəvi keçirilən görüşlərdən biri olub: “Yəni ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir və bir qayda olaraq Azərbaycanda fəaliyyət göstərən siyasi partiya liderləri ilə görüş keçirilir. Bu da həmin ənənəyə uyğun bir görüş idi”.
İsa Qəmbərin dediyinə görə, görüşdə ATƏT-Azərbaycan münasibətləri və xüsusən də Qarabağ məsələsinin həlli, Azərbaycanda demokratiya, insan haqları, prezident seçkiləri mövzuları diqqət mərkəzində olub: “Hə zaman olduğu kimi, Qarabağ məsələsində Azərbaycanın siyasi qüvvələrinin mövqeyi əsasən üst-üstdə düşdü. Hakimiyyət və müxalifət partiyaları olmasından asılı olmayaraq hamının mövqeyi əsasən üst-üstə düşdü. Amma insan haqları, demokratiya və qarşıdan gələn prezident seçkiləri ilə bağlı mövzularda isə təbii ki, çox dərin fikir ayrılıqları var. Hakimiyyət nümayəndələri hər zamankı kimi optimist sözlər verməyə çalışır. Amma müxalifət partiyalarının nümayəndələri olaraq biz gerçək vəziyyət nədən ibarətdir, o barədə ATƏT sədrinə fikirlərimizi bildirdik. ATƏT-in sədri demək olar ki, ənənəvi şəkildə bu məsələlərə münasibət bildirdi”.
Müsavat başqanı ATƏT sədri ilə görüşdə 10-dan çox partiya sədrinin olduğunu deyib.
Modern.az