Modern.az “Dövlət və hökumət başçılarına məşhur qəsdlər” rubrikasından yeni yazını təqdim edir.
XX əsrin 50-60 cı illərində katolik irlandlar Britaniyadan ayrılmaq üçün zorakı vasitələrdən istifadə etməyə başladılar. Terroru əsas vasitə seçən İrlandiya Respublika Ordusu (İRA) təşkilatının əsası qoyuldu. İlk zamanlarda daha çox izdihamlı mitinqlər və iğtişaşlar təşkil edən İRA-ya qarşı Tetçer hökuməti sərt repressiyalar aparmağa başladı. Cavab olaraq irland terrorçuları hakimiyyət orqanlarına qarşı sui-qəsdlər təşkil etməyə başladılar. 1979-cu ilin martında onlar Britaniya parlamentinin üzvü Eyvi Nivin maşınına bomba yerləşdirdilər. Maşını avtomobil dayanacağından çıxarmaq istəyərkən baş verən partlayışda deputat həlak oldu. 1981-ci ildə İRA hökumət üzvü Maykl Heyversin evinə bomba yerləşdirdi. Lakin xoşbəxtlikdən sui-qəsdin obyekti evdə olmadı.
İRA əsas zərbəni sonraya saxlamışdı. 1984-cü ilin oktyabrında Mühafizəkarlar Partiyası ənənəvi illik toplantı üçün Brayton şəhərinə yığışmışdı. Marqaret Tetçer və kabinənin əksər üzvləri ən prestijli “Qarnd-Otel” mehmanxanasında yerləşmişdilər. 12 oktyabr 1984-cü il gecəsi mehmanxanada güclü partlayış baş verdi. Hadisə yerinə dərhal çoxsaylı polis və yanğınsöndürənlər cəlb olundu. Baş nazirin qaldığı nömrədə pəncərələr qırılmış, tavan çökmüş, lakin xanım Tetçer xəsarət almamışdı. Xilasetmə əməliyyatı 4 saat davam etdi. Sonrakı saatlarda Mühafizəkarlar partiyasının yüksək vəzifəli məmuru Robet Ueyhem xilas olundu. Bir qədər sonra onun həyat yoldaşının cəsədi aşkarlandı.
Ümumən terror aktı nəticəsində 5 nəfər həlak oldu, 32 nəfər isə xəsarət aldı. Hadisədən dərhal sonra açıqlama yayan İrlandiya Respublika Ordusu mehmanxananı partlamaqda məqsədlərinin “müharibənin səbəbkarı olan” hökumət üzvlərini və Mühafizəkarlar Partiyasını məhv etmək olduğunu bildirdi. “Tetçer anlamalıdır ki, Britaniya ölkəmizi işğal edib, əsirlərimizi işgəncə verib, insanlarımızı öz küçələrində güllələməklə qələbə qazana bilməyəcək. Sadəcə bu gün bəxtimiz gətirmədi”.
Partlayışdan 7 saat sonra nəzərdə tutulmuş konfrans baş tutdu. “Biz imkan verməyəcəyik ki, terrorizm demokratiyanı məhv etsin”, – deyə konfrans iştirakçılarına müraciət edən Tetçer sonradan güzəştə gedərək İrlandiyanı tərəf kimi danışıqlara dəvət etdi. 1985-ci il noyabrın 15-də imzalanan müqaviləyə əsasən, Şimali İrlandiya yalnız əhalinin mütləq çoxluğu tələb edərsə, İrlandiya Respublikası ilə birləşə bilərdi. İrlandiya Respublika Ordusu isə 1998-ci ildə könüllü olaraq öz fəaliyyətini dayandırdığını bildirdi.
Vüqar İsmayılov