Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının kollektivi haqlarında bəzi kütləvi informasiya vasitələrində dərc olunan məlumatlarla bağlı bəyanat yayıblar.
Təhsil müəssisəsindən Modern.az-a göndərilən bəyanatda Müəllimlər institutunda müəllimlərin dava etməsi haqda yayılan informasiyaların əsassız olduğu bildirilinb.
Bəyanatı olduğu kimi təqdim edirik:
“Son günlər bəzi mətbu qurumlarda “Müəllimlər İnstitutunda intahan qanla başladı”, “Müəllimlər İnstitutu Mingəçevir filiialında qalmaqal”, “Sessiya qanla başladı”, “Müəllimlər yenə dalaşdı” və başqa sensasiya doğuran başlıqlarla ucuz şöhrət və oxucu axtaran, sifarişli yazılar yazmaqla ictimaiyyətin diqqətini cəlb etməyə çalışan jurnalistlər filialımız haqqında əsassız şayiələr yaymaqla kollektivimizin haqlı narazılığına və hiddətinə səbəb olmuşdur. Əslində, 01.06.2013-cü il tarixdə, qeyri-iş günündə, çayçıda p.f.d., baş müəllim Müsəllim Hümbətov və tədris hissə müdiri Vahid Quliyev (Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən tərəqqi medalı ilə təltif edilmişdir) arasında şəxsi zəmində baş vermiş kiçik mübahisə yuxarıda adı qeyd olunana kütləvi informasiya vasitələrində dəqiqləşdirilmədən, qərəzli şəkildə yerləşdirilmişdir. Bu faktdan filialımızı və onun uğurlarını, şəhər ictimaiyyəti arasındakı yüksək nüfuzunu gözü götürməyən bəzi qüvvələr məharətlə istifadə edərək bizim işgüzar nüfuzumuza və fəaliyyətimizə kölgə salmağa çalışırlar. Adi məişət zəminində baş vermiş olayı guya imtahan sessiyasının başlanması ərəfəsində rüşvət faktorunun mövcudluğu ilə əlaqələndirmişlər.
Maraqlı burasıdır ki, “Azadlıq.orq” internet səhifəsində yerləşdirdiyi 04.06.2013-cü il tarixli məlumatında Mingəçevir şəhər Polis şöbəsinin məlumatına istinadən filialımızda korrupsiya faktı ilə bağlı mübahisənin yarandığı bildirilmişdir. Digər yuxarıda adı çəkilən qəzet və saytlar da məsələni şişirdərək tamamilə qeyri-obyektiv qərəzli mövqe nümayiş etdirmişlər. Halbuki, belə faktın olması öz təsdiqini tapmamışdır və polis şöbəsinin rəisi belə məlumat verdiyini inkar etmişdir.
Bu özü göstərir ki, ölkəmizdə hələ də yuxarıda adları qeyd olunan “qara piar”la məşğul olan bəzi kütləvi informasiya vasitələri özlərinin üzdəniraq texnologiyalarını işə salaraq bir sıra nüfuzlu təhsil müəssisələrini ləkələməyə və bu yolla hansısa qazanc əldə etməyə çalışırlar.
Olayı dərc edən və ictimaiyyət arasında yaymağa çalışan mətbuat orqanları əslində, məsələyə qərəzli, birtərəfli və şəxsi ambisiyalı mövqedən yanaşırlar.
Bu cür əsassız şayiələrin yayılması ictimaiyyətdə çaşqınlıq yaratmaq, ictimaiyyətin fikrini azdırmaq, Azərbaycan Müəllimlər İnstitutunun yüksək imicinə ləkə yaxmaq cəhdindən başqa bir şey deyildir. AMİ Mingəçevir filialının kollektivi məsələyə məhz bu cür qiymət vermiş və olayı pisləmişdir.
Hazırda respublikamızda ciddi antikorrupsiya tədbirlərinin həyata keçirildiyi bir dövrdə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları hörmətli rektor millət vəkili, professor Aqiyə xanım Naxçıvanlının rəhbərliyi altında korrupsiya hallarına qarşı böyük səylə mübarizə aparır.
Filialımızda yaz imtahan sessiyasının yüksək obyektivlik və şəffaflıq şəraitində həyata keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Cari imtahan sessiyası başlamazdan əvvəl valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilmiş, valideynlər imtahan sessiyası və onun həyata keçirilmə mexanizmləri ilə yaxından tanış edilmişlər. Filialımızda ayrıca olaraq valideyn nəzarəti təşkil edilmişdir. İmtahan sessiyası çox ciddi nəzarət altında şəffaf və obyektiv şəkildə həyata keçirilir. Bu günlərdə, 18-21 iyun 2013-cü il tarixində Baza İnstitutu tərəfindən filialımızda cari imtahan sessiyasının monitorinqini keçirmək üçün göndərilən komissiya sessiyanın normal getməsi, hər hansı əyinti baş verməməsi qənaətini bildirmişdir.
Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının kollektivi olaraq bildirmək istərdik ki, yuxarıda qeyd olunan kütləvi informasiya vasitələrində yayılan bu əsassız şayiələrə öz qəti və barışmaz etirazımızı bildiririk. Ölkədə bu cür “qara piar”la məşğul olan, bir sıra dövlət təhsil müəssisələrinə, müxtəlif qurumlara ləkə yaxmağa çalışan mətbu orqanlarının mövcudluğundan dərin təəssüf hissi keçirir və Mətbuat Şurasından bu cür kütləvi informasiya vasitələrinin, habelə onların rəhbərliyi barəsində ölçü götürülməsini tələb edirik. İnstitutun və filialın rəhbərliyi ətrafında sıx birləşərək bu cür qara qüvvələrə qarşı barışmaz mübarizə aparacağımızı bəyan edirik. Kollektivin haqq səsini öz səhifələrində işıqlandıran kütləvi informasiya vasitələrinə əvvəlcədən dərin təşəkkürümüzü bildiririk.
Bəyanat AMİ Mingəçevir filialının Həmkarlar Təşkilatının 25.06.2013-cü il tarixli ümumi yığıncağında qəbul edilmişdir.
Bəyanata institutun 200-ə yaxın əməkdaşı imza atıb.
Modern.az