Modern.az

Azərbaycanda “Rektorlar klubu” yaradılır 

Azərbaycanda “Rektorlar klubu” yaradılır 

8 İyun 2023, 15:06

Kürəsəlləşən dünyada, bəlkə də, ən sürətlə yenilənən, canlanan sahə elm və təhsil sahəsidir. Heç kimə sirr deyil ki, istənilən ölkədə, istənilən sahənin inkişafı öz tərəqqi qaynağını məhz elm və təhsildən götürür.

 

Dahi Nizaminin "Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz" kəlamı da məhz bu yanaşmanın nə qədər aktual olduğunu sübut edir. Bir sözlə, qloballaşma prosesi, elmi-texniki tərəqqi və yüksək texnologiyaların inkişafı qaçılmaz haldır. Bu üzdən elm və təhsil sahəsi daim yenilənməyə, dirçəlməyə "hamilədir".

 

Avropa və dünya təcrübəsində bu inkişafa aparan yollar və üfüqlərlə bağlı müxtəlif addımlar atılır. Həmin işlərdən ən rasionalı isə ali məktəb rəhbərləri - rektorların bir araya gələrək, klub yaradıb, mövcud problemlər ətrafında ciddi müzakirələr etmələri və gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparmalarıdır. Onlar elm və təhsilin inkişafını "tormozladan" problemləri müzakirə masasına yatırıb, adekvat çıxış yolları axtarırlar və proqressiv nəticə hasil olunur. Bəzən isə prosesə təhsil ekspertləri və analitiklər də dəvət olunurlar, onlar təhsildəki "xəstəliklər"ə dəqiq diaqnoz qoyub, onun "metastaz" verməsinin qarşısını alırlar və inkişafa aparan yol xəritəsini cızırlar. Qazanan isə o ölkənin təhsil həyatı, cəmiyyəti, dövlət və xalqı olur. Yəni beyin məhsulunu asanlıqla kapitala çevirib, elmi, maddi, mənəvi və iqtisadi uğura müyəssər olurlar.

 

AzEdu.Az Təhsil portalı xarici təcrübəyə istinad edib, belə bir təklif irəli sürür ki, Azərbaycanda elm və təhsil sahəsindəki problemlərin aradan qaldırılması və ya ölkənin elm, təhsil sahəsinin dünya təhsil sistemi ilə ayaqlaşa bilməsi, çağdaş təhsil sisteminə inteqrasiyası üçün "Rektorlar klubu" yaradılsın. Avropa və dünya ölkələrində olduğu kimi Azərbaycanda da rektorlar mövcud çətinliklər, onların həlli və bu sahənin gələcək inkişaf perspektivləri barədə müzakirələr aparıb, əməli addımlar atsınlar. Hesab edirik ki, Azərbaycanda buna böyük ehtiyac duyulur.

 

Qeyd edək ki, bir neçə rektor AzEdu-nun təşəbbüsünü dəstəkləyərək, razılıq ifadə edib. Yaxın günlərdə bununla bağlı məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?