Modern.az

AMİP sədri: “Demokratik Qüvvələrin Birliyi seçki bloku deyil”

AMİP sədri: “Demokratik Qüvvələrin Birliyi seçki bloku deyil”

11 İyul 2013, 14:47

Demokratik Qüvvələrin Məşvərət Məclisinin fəaliyyətinə xitam verildikdən sonra AMİP-in təşkilatçılığı ilə “Demokratik Qüvvələrin Birliyi”  (DQB) adlı yeni siyasi ittifaq yaradılıb. Bu ittifaqda aparıcı müxalifət partiyalarından – Açıq Cəmiyyət Partiyası (ACP), Böyük Azərbaycan Partiyası (BAP), İslam Demokrat Partiyası (İDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Liberal Partiyası (ALP) , Xalq Azadlıq Partiyası  (XAP) bir qismi eyni zamanda Milli Şurada təmsil olunur. ACP, ALP və KXCP-nin Demokratik Qüvvələrin Birliyində də yer alması onların Milli Şuradakı fəaliyyətində hər hansı bir əngəl yaradacaqmı?

Modern.az-a açıqlamasında ALP sədri Əvəz Temirxan qeyd edib ki, yeni Birlikdə təmsil olunmaları Milli Şuradakı fəaliyyətlərinə heç bir problem yaratmayacaq. “Əksinə, biz Milli Şuranın vahid namizədinə dəstək verəcəyik”. ACP sədri Sülhəddin Əkbər isə məsələ haqqında danışmaq səlahiyyətinin yalnız AMİP rəhbəri Yusif Bağırzadədə olduğunu əsas gətirməklə sualı cavablandırmaqdan imtina etdi. AMİP sədri Yusif Bağırzadə də bu fikirdədir ki, ACP, ALP və KXCP-nin Milli Şurada təmsil olunması onların Demokratik Qüvvələrin Birliyindəki fəaliyyətləri mane olmayacaq. “Qurum olaraq Azərbaycandakı müxalifət düşərgəsi olan birliklərlə əməkdaşlığımızı davam etdirəcəyik. Üstəlik, yeni ittifaq sadəcə demokratik qüvvələrin birliyidir, seçki bloku deyil. Ona görə də vahid namizəd məsələsi DQB-nin gündəmində deyil”.  

 

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım