Modern.az

Müsavat İsa Qəmbərlə bağlı son qərarını verdi - BƏYANAT

Müsavat İsa Qəmbərlə bağlı son qərarını verdi - BƏYANAT

13 İyul 2013, 15:07

Müsavat Partiyasının bu gün keçirilən toplantısında partiyanın prezident seçkilərindəki mövqeyi ətrafında geniş fikir mübadiləsi aparılıb. Modern.az-ın məlumatına görə, Müsavat Məclisinin toplantısında əsas müzakirə mövzusu başqan İsa Qəmbərin prezidentliyə namizədliyi və partiyanın Milli Şuradakı mövqeyinə həsr olunub.

Qızğın müzakirələrdən sonra partiya məclisi qərar qəbul edib. Müsavatın qərarına əsasən, seçkilərlə bağlı son qərarı başqan İsa Qəmbər və Müsavat Divanı verəcək:

“Ölkənin aparıcı müxalifət partiyalarının, ictimai qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların və gənclərin iştirakı ilə yaranmış demokratik qüvvələrin Milli Şurasının yaradılmasını və Milli Şuranın fəaliyyətində Müsavat Partiyasının iştirakı ilə sərgilədiyi mövqe təqdir edilir.

Eyni zamanda seçki prosesində və namizədliklə bağlı məsələlərdə partiyanın mövqeyini təqdim etmək və müvafiq qərarlar qəbul etmək səlahiyyəti Müsavat Partiyasının Divanına və Müsavat Partiyasının başqanı İsa Qəmbərə həvalə edilsin”-deyə partiyanın qərarında qeyd edilib.

Müsavat Partiyası həmçinin bəyanat qəbul edib. Bəyanatda İsa Qəmbərin namizədliyinə görə, partiya üzvlərinə qarşı təzyiqlərin artdığı bildirilir:

"Azərbaycanda keçiriləcək prezident seçkilərində partiyanın namizədi kimi Müsavat başqanı İsa Qəmbərin namizədliyi irəli sürüldükdən sonra partiya üzvlərinə qarşı repressiyalar daha da güclənməkdədir.

Bu müddət ərzində Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun İsmayıllı hadisələrinə görə şərlənərək həbs edilməsi, Bakı, Gəncə və Sumqayıt şəhərlərində Müsavat fəallarının sutkalıq həbslərlə cəzalandırılması, 28 may - Respublika günü tədbirində partiya başqanının müşaviri Mustafa Hacıbəylinin həbs olunması və son olaraq Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov haqqında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işinin açılması və onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsi deyilənləri təsdiqləyir.

Məlumdur ki, Y.Sadıqov Lənkəran şəhərində ona qarşı təxribat törədən bir şəxsin ifadəsi əsasında həbs olunub. Bu ifadənin sifarişli olduğu Y.Sadıqovu tanıyan insanlarda şübhə doğurmur.

Müsavat Partiyasının Məclisi bildirir ki müsavatçılara qarşı həyata keçirilən təqib və təzyiqlər, eləcə də Y.Sadıqovun şərlənərək həbs olunmasının gerçək motivi onların fəal müxalifətçi mövqeyində dayanmasıdır. Y.Sadıqov Müsavat Partiyasının başqanı İsa Qəmbərin yanvar ayında Lənkərana dəvət edilməsinin təçəbbüskarlarından biri olub. O, sosial şəbəkələrdə hakimiyyəti ardıcıl olaraq açıq şəkildə tənqid etməklə yanaşı, Lənkəranda və ətraf rayonlarda cəmiyyəti seçki ilində fəallığa səsləyib.

Müsavat Partiyasının Məclisi, eyni zamanda onu da bəyan edir ki, partiya üzvlərinin müdafiəsi istiqamətində qanunun icazə verdiyi bütün metodlardan istifadə edəcək",-deyə bəyanatda qeyd edilib.

A.RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım