Modern.az

Meydan kişilərin savaşdığı məkandır...

Meydan kişilərin savaşdığı məkandır...

13 İyul 2013, 16:11



Namidə BİNGÖL
          
                                                                     

(Həftənin subyektiv icmalı) 

Proseslərin axarı fərqli məcralarda tüğyan edir. İstənilən siyasi görüşün arxasında siyasi hiylə dayanır. Üz-üzə gələn tərəflərin eyni cinahda mövqe tutmalarına baxmayaraq, hər kəsin öz yolu var. Eyni masa arxasında  təşkil olunan görüşlər, şəxsi maraqların toqquşduğu paralel bucaq altında rəqs edir. Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi biləcəksiniz.    

Bəylərin Vaşinqton və Brüssel səfəri   

Ard-arda keçirilən görüşlər, səslənən bəyanatlar gündəmi zəbt etsə də, qısa zaman kəsiyində köhnəlir. İslanmışın yağışdan nə qorxusu var ki?! Elə onların da  hər çıxışı, hər görüşü, hər səfəri   diplomatik proseslərin  axını istiqamətində cərəyan edir. Xəzərdən okeanın o tərəfinə keçib ölkənin taleyüklü məsələlərinin müzakirəsini reallaşdıran  siyasi bəylər nəyəsə nail olduqlarının fərqindədirlər. Hər halda onların çıxışları buna əsas verir. Bir həqiqət də var ki, “hər parıldayan qızıl deyil”.

Milli Şura daxilində təşkil olunan səfərlərin başında  qarşıdan gələn seçkilərdə  nəyin bahasına olursa-olsun qalib gəlmək durur. İndi iki bəyin fərqli ölkələrə səfər etməsi  ola bilsin ki, maraqlı olmasın. Axı şərtlər bəllidi. Köhnə hamam, köhnə tas məsəli kimi.

İsa bəy  kimə əxlaqsız dedi ki?!
  

Əslində, Milli Şura  daxilində gedən prosesləri izlədikcə, evinə gəlin gətirən qaynanalar yadıma düşür. Nə qədər ki, gəlin ata evindədir, qaynananın gələcək gəlinini əzizləməsi, başına pərvanə kimi dolanması müvəqqəti haldır. Əsl vur çatlasın, çal oynasın havası  gəlin ocağa  gələndən sonra başlayır. Milli Şura da təsis olunmamışdan əvvəl belə idi. Tez-tez məkanından didərgin salınan Eldar Namazov yadıma düşəndə ürəyim ağrıyır. Elə ki Milli Şura yarandı, vahid namizəd Rüstəm İbrahimbəyov seçildi, hər kəsin iç üzü bəlli oldu. Bəlli olan bir şey də var. Bəylərin Vaşınqton və Brüssel səfərlərinin tarixi. Maraqlıdır, görəsən, bu  səfərin nəticəsində daha nə bəlli olacaq?! Gələn həftəni gözləyək. 

Milli Şura yaranandan Rüstəm İbrahimbəyov-İsa Qəmbər mövzusu Azərbaycan-Ermənistan sərhəddindəki itkisiz  qarşıdurmaya bənzəyir. Tərəflər ya bilərəkdən qarşılaşdırılır, ya da ortada ara qatanlar var. Seçki ili öncəsidir axı! Narazı qüvvələrin sayıqlama xarakterli çıxışları  çox güman ki, davam edəcək. Neçə müddətdir bir məqam diqqətimdən yayınmır. Çox hörmət etdiyim İsa bəyin səbirli, təmkinli şəkildə səslənən fikirlərə reaksiya verməsi. Siyasi mövqedən çıxış etməsinə baxmayaraq, İsa Qəmbər də insandır axı. Təbii ki, onun da səbrinin bir həddi var. Nəhayət, haqqında səslənən fikirlərə sərt şəkildə münasibət bildirən İsa bəy “Partiya ilə bağlı səsləndirilən əxlaqsız açıqlamalara son qoyulmalıdır”- dedi. Sizcə, İsa bəy, son qoyulacaq?! Maraqlıdır, indiki durumda odun üstünə benzin tökən siyasi həmkarlarınız qalibiyyət bayrağını zirvədə dalğalandıra biləcəklərinə əmindirlərmi?!  

İbrahimbəyovlar ailəsinin göz yaşları  

“Mən gedərəm o oğlana onun pulu çox olsun. Onun pulu çox olsun dərdi-qəmi az olsun”. “Arşın mal alan” filmində məzəli olan bu epizod əbəs yerə yadıma düşmədi. Prezidentliyə vahid namizəd olan Rüstəm İbrahimbəyovun pulu tükənmək üzrədir. Tükənər də Rüstəm bəy! Həyatda hər şeyi pul həll edir. Sizin bəlli mövqeyiniz var. Bu səbəbdən də Milli Şura sədri Rüstəm İbrahimbəyov  təəssüflə tükənmək üzrə olan pullarından danışıb. “Siyasi işlərə pul xərcləyirəm və ailəm bundan çox narazıdır”. 

Siyasət də gözəllik kimi qurban tələb edir. Rüstəm bəy, ailəniz  bunu anlamalıdır. Öz aramızdı, MŞ-nı yaradıb vahid namizəd seçilmisiniz. Ətrafınıza diqqətlə baxın, görün sizin yerinizdə nə qədər olmaq istəyən siyasətçi var?! Siz də bir vaxtlar kinorejissor olmusunuz. İndi isə hakimiyyətlə meydanda savaşırsınız. Deməli, siz tək deyilsiniz. Sizin açdığınız cığırla addımlamaq istəyənlərin sayı-hesabı yoxdu. Ən yaxşı halda müəllimdən dərs alan şagird sabah mütləq onun özünə bənzəmək istəyir. Ehtiyatlı olun. Sizə bənzəmək istəyən şagirdləriniz var.   

Mətbuat Şurasının 6-cı qurultayı


Bu həftə həmçinin Mətbuat Şurasının 6-cı qurultayı keçirildi. Əflatun Amaşov bir daha - 3-cü dəfə Mətbuat Şurasının sədri seçildi. Bəziləri buna ağız büzdü, amma səslərini çıxarmadı...
3-cü dədə sədr olmağınız münasibətlə Əflatun müəllim, sizi təbrik edirik. Ümid edirik ki, mətbuat işçilərinin söz azadlığı həmişə qüvvədə qalacaq.   Siyasi proseslərin gedişatına  qoşulub zamana meydan oxumaq hər kişinin  işi  deyil. Eyni zamanda,  siyasi proseslərə biganə qalmaq da hər kişinin işi deyil. Belə əziz oxucularım. Həftənin siyasi gündəminə həmişə olduğu kimi subyektiv yanaşmağa çalışdım. Mənim mövqeyim isə bəllidir. Meydanda baş verənləri kənardan müşahidə etmək. Birdəki meydan kişilərin savaşdığı məkandır axı! 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım