Modern.az

"Sabah Gültəkin Hacıbəylini həbs etsələr..."

"Sabah Gültəkin Hacıbəylini həbs etsələr..."

14 İyul 2013, 12:36


Milli Şuranın Beynəlxalq komissiyasının sədri, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin əmlakına həbs qoyulduğu barədə xəbər verilmişdi. Belə ki, Gültəkin Hacıbəylinin keçmiş qayınanası evdar qadın Məmmədova Nəhayət Vəli qızı Nəsimi Rayon Məhkəməsində keçmiş millət vəkilinə qarşı iddia qaldırıb.
Nəhayət Məmmədova iddiasında bildirir ki, Gültəkin Hacıbəyli  2003-cü ildə ondan 50 min ABŞ dolları məbləğində borc alıb. 28 iyun 2013-cü il tarixində Nəsimi rayon məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə keçən hazırlıq iclasında Nəhayət Məmmədovanın nümayəndəsi iddianı təmin etmə tədbiri kimi Gültəkin Hacıbəyliyə məxsus maşın və ev, eləcə də onun həyat yoldaşına məxsus və baş etibarnamə ilə idarə edilən maşın üzərinə həbs qoyulması ilə bağlı vəsatətlə çıxış edib. Hakim, Gültəkin Hacıbəylinin nümayəndəsi Sahil Quliyevin də iştirak etdiyi hazırlıq iclasında vəsatəti müzakirə etmədən  geri qaytarıb. Lakin 12 iyul tarixində Gültəkin Hacıbəyli  özünə məxsus ev və maşın, eləcə də həyat yoldaşına məxsus maşın üzərinə həbs qoyulması ilə bağlı Nəsimi rayon məhkəməsinin 28 iyun tarixli qərardadını alıb.
Beləliklə, məhkəmə açıq-aşkar saxtakarlıq edib.

Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov “Azadlıq”a bildirib ki, məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə sorğu göndərmək niyyətindədir: “Məhkəmə zalında videokamera var. Biz həmin prosesin videoyazısını tələb edəcəyik. Əgər bunlar saxtakarlıq etməyiblərsə buyurub videoyazını təqdim etsinlər. Digər tərəfdən vəsatət qəbul edilib qərardad çıxarılanda onun bir nüsxəsi də Gültəkin xanımın nümayəndəsinə verilməlidir və o həmin nüsxəni imzalamalıdır. Amma belə bir fakt ortada yoxdur. Çünki vəsatət ümumiyyətlə müzakirə olunmayıb. Hakim dərhal vəsatəti rədd edib. Həmçinin qərardadla bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət verəcəyik. Əgər baxılmasa o zaman apelyasiya şikayəti verəcəyik. Amma inanmıram ki, şikayətimiz təmin olunsun. Ümumiyyətlə, sabah Gültəkin xanımı həbs etsələr, məni güllələsələr təəccüblənmərəm”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım