22 iyulda Azərbaycan mətbuatı yaranmasının 138 illiyini qeyd edəcək. Bir sıra əlamətdar hadisələrlə (ev veriləcək jurnalistlərin siyahısının açıqlanması və s.) tarixə düşəcək bu gündə bəs hansı jurnalist təşkilatları həmkarlarına mükafatlar verəcək?
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Modern.az-a açıqlamasında 22 iyul Milli Mətbuat Günündə jurnalistləri mükafatlandırcaqlarını bildirib. O qeyd edib ki, qurumun təsis etdiyi “Zərdabi” mükafatının hansı jurnalistlərə verilməsi həmin günə iki gün qalmış bilinəcək. “Hazırda mükafatın hansı jurnalistlərə verilməsi üzərində iş gedir. Kimlərin bu siyahıda olması həmin günə iki gün qalmış bəlli olacaq”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev 22 iyulda jurnalistlərə mükafat verməyəcəklərini açıqlayıb. ““Yeni Nəsil” Jurnalistlər Birliyinin mükafatının verilməsi ilin sonuna keçirilib. Bu dövr üçün “Zərdabi” mükafatının verilməsi hesab edirəm ki, digər bütün mükafatları əslində əvəzələyəcək”.
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli bildirib ki, onlar artıq bir neçə ildir “Media açarı” mükafatını jurnalistlərə vermirlər. “Bu mükafatı bir neçə təşkilat birlikdə verirdi. Artıq neçə illərdir bu mükafat verilmir. Ona görə də jurnalsitlərə mükafatlar verəcək jurnalist təşkilatları arasında biz yoxuq”.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, onlar da Mətbuat Günü ilə bağlı jurnalistlərə hansısa mükafat verməyi düşünmürlər.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, 22 iyulla bağlı ayrıca tədbir keçirməyəcəklər.
“Biz faktiki olaraq Mətbuat Şurasının tərkibindəyik və KİVDF-nin nəzdindəyik. Onlar da Mətbuat Günü ilə bağlı tədbir keçirəcəklər və bu tədbir bütün qeyd olunanları əhatə edir”.
Aytən ƏLİYEVA