Modern.az

Akif Nağı Milli Şuranın Qarabağ komissiyasına şübhəsini açıqladı

Akif Nağı Milli Şuranın Qarabağ komissiyasına şübhəsini açıqladı

15 İyul 2013, 15:17

“Qoy əvvəlcə Milli Şura Qarabağ münaqişəsi ilə bağlı konsepsiyasını hazırlasın, sonra buna münasibətimizi açıqlayaq. İstəyirik ki, niyyət xoş olsun”. Bunu Modern.az-a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

QAT sədri sədri Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Qarabağla bağlı ermənipərəst mövqe kimi dəyərləndirilən fikirlərini də tənqid etməyi unutmayıb. “Lakin Rüstəm İbrahimbəyovun bu barədə açıqlamaları komissiyanın xoşagələn konsepsiya hazırlayacağını şübhə altına alır. Cəmil Həsənlinin Qarabağla bağlı mövqeyini bilirəm. O çıxışlarında Qarabağ məsələsini xüsusi olaraq vurğulayır. Cəmil Həsənli Qarabağın işğaldan azad olunmasını ən başlıca vəzifə saysa da, Milli Şuranın vahid namizədinin ermənilərin mövqeyindən fərqlənməyən fikirləri komissiyanın Qarabağla bağlı fəaliyyətini müəyyən mənada sual altına qoyur”.

Akif Nağı hesab edir ki, Qarabağ probleminin həll olunmamasını Azərbaycanın daxili problemləri əlaqələndirilməsi düzgün deyil. “Bu cür yanaşma qətiyyən qəbul edilməzdir. Bu əslində düşmən mövqeyidir. Qərb mərkəzlərinə özlərini xoş göstərmək üçün “demokratiya” tələb edirlər. Qarabağ məsələsini Azərbaycanın daxili problemləri ilə bağlayırlar. Fikirləşirlər ki, daxildə hər hansı sorun həll olunsa Qarabağ münaqişəsi də öz-özünə çözüləcək. Bu kökündən yanlış mövqedir və ermənilərin maraqlarına xidmət edir”. Daha sonra QAT sədri əlavə edib: “Hesab edirəm ki, milli mövqe ortaya qoyulmalıdır. Özlərini demokrat kimi göstərib Qarabağ məsələsində alver etməməlidirlər”.

Xatırladaq ki, Milli Şuranın mətbuata qapalı keçən üçüncü sessiyasında təşkilatın Qarabağ Komissiyası yaradılıb və sədri tarixçi, professor Cəmil Həsənli  seçilib. C. Həsənli Modern.az-a açıqlamasında bildirib ki, Milli Şurada Qarabağ probleminin yaranması, onun tarixi, mərhələləri, indiki durumu və mövcud vəziyyətdən çıxış yolu haqqında müəyyən konseptual baxışlar sistemi hazırlanacaq.

Aqşin Kərimov

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım