25 abituriyentin imtahan nəticəsi ləğv edildi
III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri yaxın iki gün ərzində açıqlanacaq. Bunu Modern.az saytına açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
İmtahan nəticələrinin hazırda emal olunduğunu deyən E.Nağızadə III qrup üzrə 700 bal toplayan abituriyentin barədə xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb.
Bütün mərkəzlərdə imtahan saat 11:00-da başlamış və 3 saat ərzində aparılıb.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanılıb.
İlkin məlumatlara əsasən müxtəlif binalarda 25 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir.
A.RÜSTƏMOV