ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojora Bakı səfərindən sonra ötən gün Ermənistanda olub. İyulun 15-də baş tutan səfər zamanı ATƏT sədri bir sıra rəsmi görüşlərdə iştirak edib. L.Kojoranın regiona səfəri ilk baxışdan uğurlu təsir bağışlasa da o, Bakıda verdiyi mesajları bir daha Yerəvanda təkrar etdi.
ATƏT sədrinin regiona səfərinə müsbət şərh verənlər də oldu, buna vaxt itkisi deyib tənqid edənlər də.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojoranın regiona səfərini Modern.az-a şərh edib. Politoloq Ukraynaın Dağlıq Qarabağ münaqişəsinin həllində sərgilədəyini mövqeyin müsbət olduğunu bildirib. Onun sözlərinə görə, ATƏT sədrinin regiona səfəri gözlənilən sonluqla başa çatdı.
“ATƏT sədri regiona səfəri işgüzar təsir bağışladı. Ukraynanın xarici işlər naziri Bakıda və eləcə də Ermənistanda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr apardı. Əlbəttə Ukraynda Azərbaycana yaxın bir dövlətdir, ola bilsin ki, ATƏT-in fəaliyyətdə olan sədri Qarabağ münaqişəsinin həllinə tərəfdardır. O Bakıda da jurnalistlərin suallarına aydın cavab verməkdə çətinlik çəkdi. Onu da anlamaq olar. Çünki Dağlıq Qarabağ münaqişəsində böyük oyunçular var, Ukrayna təkcə bu işlə bacara bilməz”-deyə politoloq şərh edib.
E.Şahinoğlunun fikrincə, vaxtilə Qazaxıstan da Ukrayna kimi münaqişəni həll etməyə çalışsa da, sonradan bunun ATƏT-in imkanı xaricində olduğunu dərk etdi. Politoloq hesab edir ki, ATƏT də artıq gücsüzlüyünü dərk edir:
“Bundan əvvəl ATƏT-ə sədrlik edən Qazaxıstan da münaqişənin həlli istiqamətində əlindən gələni etməyə çalışırdı. Ona görə də, mən Ukraynanın bu dəstəyini alqışlamaqla yanaşı, münaqişənin həllində müsbət nəticəyə nail olmayacağını düşünürəm. ATƏT sədri verdiyi bəyanatlarda münaqişənin həllinə səy göstərəcəklərini bildirir. Amma sədr özü də yaxşı bilir ki, bu işdə Rusiya kimi elə böyük maraqlar kəsişir . Əgər Rusiya maraqlı deyilsə ATƏT sədri nə edə bilər ki? ATƏT bu münaqişənin həllində çarəsizdir”.
Anar RÜSTƏMOV