
“Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 26-da REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla bağlı məktubunu Azərbyacana göndərib. Bu barədə Məhkəminin katibliyi bizim sorğumuza rəsmi cavabında bildirib. Amma biz hələ də hökümətin rəsmi cavabı ilə tanış deyilik”.
Modern.az saytı bildirir ki, bu barədə REAL hərəkatının həbsdə olan rəhbərinin vəkili Fuad Ağayev bildirib.
“Bu nə deməkdir? Bu o deməkdir ki, məktub artıq 20 gündür ki, yoldadır! Hesab edirəm ki, hətta Azərbaycan poçtamtı üçün bu olduqca böyük müddətdir. Başqa iş üzrə 23 mayda göndərilən eyni cür sənədi mən 10 gün sonra almışdım. Həmin müddətdən 2 dəfə artıq müddət ötüb, biz isə hələ də gözləyirik!”-deyə F.Ağayev bildirib.
Vəkilin sözlərinə görə, aprelin 9-da Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayətinə prioritet verdiyi barədə Azərbaycan iqtidarını rəsmən məlumatlandırıb.
“Konvensiyanın 5 maddəsi ilə bağlı ona suallar vermiş, Azərbaycan dövlətinə bu il iyunun 18-nə kimi öz mülahizələrini təqdim etmək təklif etmişdi. Hökumətin cavablarını aldıqdan sonra məhkəmə onları bizə göndərməli idi ki, biz də öz şərhlərimizi təqdim edək. Bu ayın, yəni iyulun 8-də biz Avropa İnsan Hüquqları Məhkəməsinə məktub göndərərək, hökumətin mülahizələrini almamağımızla bağlı narahatlığımızı ifadə etdik. Bu gün Məhkəmənin katibliyindən məlumat almışıq ki, sözügedən sənədlər bizə hələ iyunun 26-dan göndərilib”-deyə təəccüb edən vəkli bildirib ki, onlar hələ də hakimiyyətdən bununla bağlı rəsmi cavabı almayıblar.
Anar Rüstəmov