Sakinlər Suraxanı rayonundakı Qum adasının kütləvi şəkildə tərk edirlər. Artıq bir neçə gündür ki, rayonun ərazisindəki Zığ gölünün süni şəkildə qurudulması vətəndaşların əməlli-başlı narahatlığına səbəb olub. Hər yerdən əlləri üzülən sakinlər etirazlarını Modern.az vasitəsilə müvafiq qurumlara çatdırmaq istəyiblər.
Həmin ərazidə yaşayanlar bildirirlər ki, gölün qurudulmasında heç bir ekoloji qaydalara əməl olunmur. Gölün qurudulması bir yana dursun, bu məqsədlə əraziyə maşınlarla gətirilən qum hara gəldi, necə gəldi tökülür. Yay olduğundan bir balaca külək qalxan kimi torpağı onların evlərə dolur. “Ümumiyyətlə küləkli havada çölə çıxmaq mümkün olmur. Çünki toz dumanından getdiyin yolu, hara gedəcəyini görmək olmur”.
Sakinlərin sözlərinə görə, torpağı əraziyə tökərkən toz qaldırmamaq üçün heç sulamırlar. Vəziyyət o həddə çatıb ki, Qum adasından Hövsana gedən magistral yol da bağlanmaq üzrədir. Belə getsə, ərazidə yaranan toz səbəbindən ətrafla əlaqə kəsiləcək. Problemi həll etmək üçün sakinlərin üz tutmadıqları ünvan da qalmayıb. Amma hansı qapını döyüblərsə, heç kim prosesə müdaxilə etmək iqtidarında olmadığını bildirib. Hər gün hava əvəzinə toz udan sakinlər elə gölün qurudulmasını həyata keçirənlərə nə qədər yalvar-yaxar etsələr də, onların cavabı qısa və konkret olub:
“Göstəriş belədir. Gedin kimə istəyirsiniz şikayət edin. Bu göl qurudulmalıdır, vəssalam”. Elə göstərişdən də görünür ki, göl qurudulana qədər sakinlər bu işgəncəyə dözməli olacaqlar.
Qeyd edək ki, gölün süni şəkildə qurudulmasını Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi həyata keçirir.
Gültəkin ƏLƏSGƏR