Sabiq millət vəkili, iş adamı Hüseyn Abdullayevin vəkli Akif Əlizadə müvəkkili barəsində yeni məlumat yayıb. Bu barədə Modern-a məlumat göndərən verən vəkil Hüseyn Abdullayevin hüquqlarının kobudcasına pozulduğunu bildirib.
Vəkilin eks-deputatla bağlı müraciətini olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsi Hüseyn Abbas oğlu Abdullayevin müdafiə hüququnu da kobudcasına pozur.
Belə ki, vəkil Akif Əlizadə 15 iyul 2013-cü il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 92.7-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət prosesini həyata keçirən orqana rəsmi ərizə ilə müraciət edərək Hüseyn Abdullayevin barəsində olan cinayət prosesinə müdafiəçi qismində buraxılmasını, həmçinin H.Abdullayevin müdafiəsini hazırlamaq üçün adıçəkilən Məcəllənin 92.9.15-ci maddəsinə müvafiq olaraq bir sıra prosessual sənədlərin ona təqdim edilməsini xahiş edib.
A.Əlizadə 1 gün sonra İstintaq İdarəsinin rəisi Şahin Rüstəmovla əlaqə saxlayaraq sözügedən ərizəsi ilə maraqlanıb, idarə rəisi ona bildirib ki, o, (Akif Əlizadə) bu iş üzrə kiminlə müqavilə bağladığını açıqlamalı, daha sonra isə H.Abdullayev şəxsən özü istintaqa bildirməlidir ki, onun hüquqlarını kim müdafiə edəcək.
Təbii ki, vəkil A.Əlizadə müştərisinin kim olmasının vəkil sirri olması, eləcə də qanunda vəkilin belə bir vəzifəsinin nəzərdə tutulmaması səbəbindən Ş.Rüstəmovun tələbini rədd etmişdir.
17 iyul 2013-cü ildə A.Əlizadə yenidən adıçəkilən Departamentə gedərək Ş.Rüstəmovla görüşmüş, onun müdafiəçi kimi hüquqlarının təmin edilməsini tələb etmiş, Ş.Rüstəmov isə müdafiəçinin və onun müvəkkilinin hüquqlarını pozaraq yenidən əvvəlki qanunsuz tələbini etmişdir. Bu halda vəkil Ş.Rüstəmovdan tələb etmişdir ki, qanunda nəzərdə tutulmuş qaydada cinayət prosesinə müdafiəçi qismində buraxılmasından imtina edilməsi haqqında əsaslandırılmış qərarı ona təqdim etsinlər. Təəssüf ki, istintaqçı qanunun bu tələbinə də riayət etməmişdir.
Bundan başqa xəbər verildiyi kimi, H.Abdullayevə heç bir aidiyyatı olmasa belə “ARAZ İNC” MMC-nin mühasibi, istintaqçıların müəssisənin təsisçilərinə etdikləri ciddi təzyiqlərə görə məlum “cinayət” işi üzrə vergi ödəməkdən “yayınma” məbləği olan 1 milyon dörd yüz əlli min əlli manatı 01 iyul 2013-cü ildə tarixdə Azərbaycan Beynəlxalq Bankının Yasamal Filialına ödəsə də, həmin məbləğ bu vaxta qədər qəsdən MMC-nin internet vergi səhifəsinə yerləşdirilməmişdir. Və buna görə də həmin məbləğə hər gün üçün gecikmə faizləri əlavə olunur.
Bundan başqa son günlar Bakı şəhər Vergilər Departamenti rəsmi və qeyri rəsmi qaydada “ARAZ İNC” MMC-dən tələb edir ki, müəsisə tikinti fəaliyyəti üçün təcili lisenziya almalıdır. Hansı ki, bu tələb də qeyri-qanunidir ona görə ki, tikinti fəaliyyəti AR Prezidentinin 2006-cı il 29 dekabr tarixli, 510 nömrəli Fərmani ilə təsdiq edilmiş “xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyət növlərinin siyahısı”nda yoxdur.
Müdafiə tərəfi aşağıdakıları ittiham tərəfinin nəzərinə çatdırmağı vacib sayır:
Cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsinin hərəkəti, yəni müdafiəçini cinayət prosesinə buraxmaması və zəruri sənədlərin surətlərini ona verməməsi tamamilə qanunsuzdur. Ş.Rüstəmov həmin hərəkətləri ilə Abdullayev Hüseyn Abbas oğlunun Azərbaycan Respublikası Konstitusiyasında, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını kobudcasına pozur.
Yuxarıda göstərilən hal və “ARAZ İNC” MMC-nin böyük məbləğdə ödənişinin “gizlədilməsi, qanunda nəzərdə tutulmayan lisenziya tələbi və sair Vergilər Nazirliyinin H.Abdullayevə və “ARAZ İNC” MMC-yə olan qərəzinin və siyasi təqibinin bariz nümunəsidir.
Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. “ARAZ İNC” MMC sözügedən “cinayət” üzrə vurulmuş ziyanı ödəmiş, buna görə də istintaqı aparılan işdə ən azından vergi ödəməkdən yayınma ittihamına xitam verilməlidir. Lakin görünən odur ki, istintaq orqanının belə bir fikri yoxdur. Hansı ki, bu hərəkətlər ədalət mühakiməsi əleyhinə cinyətlərin tərkibinin yaranması ehtimallarını gücləndirir.
Müdafiə tərəfi aidiyyatı səlahiyyətli şəxslərdən xahiş və tələb edir ki, qanuna və hüquqa hörmətlə yanaşaraq müdafiə tərəfinə hüquqlarını həyata keçirməsinə maneçilik törətməsinlər.
Əlavə olunur: “ARAZ İNC” MMC-nin mühasibinin istintaqçıların tələbi ilə məlum “cinayət” işi üzrə vergi ödəməkdən “yayınma” məbləğini ödəməsi barədə bank qəbzlərinin surətləri.
Anar RÜSTƏMOV