Modern.az

Gənclərin hüquqşünas olmağa marağı azalıb - Ekspert izahı

Gənclərin hüquqşünas olmağa marağı azalıb -  Ekspert izahı

18 İyul 2013, 10:54



Abituriyentlər qəbul imtahanlarında iştirak etməklə gələcəkdə hansı təhsil ocaqlarında oxuyacaqlarını müəyyənləşdirirlər. Bu il imtahan verəcək 102 min abituriyentdən 37359 nəfəri I qrup, 23313 nəfəri II qrup, 29182 nəfəri III qrup, 12147 nəfəri IV qrupda qeydiyyatdan keçib.
7-8 il əvvəl isə bu rəqəmlər tamamilə fərqli idi. Abituriyentlər 7-8 il əvvəl daha çox humanitar sahədə oxumaq istəyir və III ixtisas qrupunda qeydiyyatdan keçənlər digərlərindən hər zaman üstün olurdu. Əsasən də humanitar sahədə hüquq fakültəsində oxumaq istəyənlər üstünlük təşkil edirdi. Amma bu gün bu rəqəmlər dəyişib. Və abituriyentlərin çoxu indi iqtisadiyyat, texniki ixtisaslara üstünlük verir. Bu dəbdir ya zamanın tələbindən irəli gələn addımdır.

Təhsil eksperti Şahlar Əsgərov Modern.az-a açıqlamasında iqtisadiyyat sahəsinə hazırda abituriyentlərin daha çox sənəd vermələrini onların sonradan özlərini daha tez işlə təmin etmək imkanları ilə əlaqələndirib. “İstər özəl, istər dövlət sahələri olsun, iqtisadi ixtisasları bitirən abituriyentlər özlərini daha tez işlə təmin edirlər. Amma bu sahəyə tamamilə başqa gözlə baxmaq lazımdır. BMT hər il hesabatlar hazırlayır və orada Azərbaycanın təhsili və səhiyyəsi barədə məlumatlar əks olunur. Təhsillə bağlı məlumatların içərisində bir qrafa var ki, burada gənclərin necə faizinin ali məktəbdə texniki fənlərə üstünlük verdiyi əks olunur. İlk baxışda heç nə deməsə də bu çox əhəmiyyətli hadisədir. Çünki yeniliyi, innovasiyanı ancaq texniki sahədə etmək olar. Əgər bizim tələbələrimiz texniki sahəyə gedirlərsə gələcəkdə onların arasında mühəndislər, ixtiraçılar, böyük təəssürat rəhbərləri çıxa bilər. Buna görə biz bu gün humanitar sahədən çox texniki ixtisaslara üstünlük verməliyik”.

Ş. Əsgərov bu gün abituriyentlərin humanitar sahələrə üstünlük verməmələrinin başqa səbəbini belə izah edib. “Əvvəl daha çox hüquq fakültəsində oxumağa üstünlük verənlər sonradan iş tapmaqda çətinlik çəkirdilər. Çünki onlar gördülər ki, bu ölkədə hüquq məhduddur. Bütün hüquq nazirliklərinin əksəriyyətinin öz universitetləri var. Digər ali məktəblərdə bu fakültələri qurtarmaqla nə əldə edə biləcəklər? Heç nə. Onların ən son qərarı bu olacaq ki, gedib ikinci institut oxusunlar. Ona görə bu gün rəqəmlərdə bu cür dəyişikliklər olur”. 

Aytən ƏLİYEVA  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım