Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyent imtahandan xaric olunduğuna görə valideyninin özünü Bakıda Tələbə Qəbulu Komissiyasının (TQDK) binasına zəncirləməsi ilə bağlı məlumata aydınlıq gətirib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, ümumiyyətlə Göyçayda keçirilən imtahanlarda heç bir abituriyent imtahandan xaric olunmayıb.
“Belə bir hal olmayıb. Göyçayda keçirilən imtahanda da bir nəfər abituriyent belə, imtahandan xaric edilməyib”.
Qeyd edək ki, musavat.com saytı bu gün bir abituriyent valideynin Bakıda, TQDK binasına zəncirləməsi ilə bağlı məlumat verib. Saytın yazdığına görə, Göyçay rayonundan gələn ad və soyadının dəqiqləşdirmədiyimiz valideyn III qrupa imtahan verən oğlunun nəzarətçilər tərəfindən haqsız yerə imtahan zalından kənarlaşdırıldığını söyləyib. Qadının özünü zəncirləməsi ilə əraziyə polis çağrılıb. Maşınla yoldan keçənlər qadının bu etiraz aksiyasını maraqla izləyiblər. Əraziyə gələn polis əməkdaşımıza çəkiliş aparmağa mane olub.
TQDK binasına zəncirlənən qadına polis müdaxilə edib və zənciri açaraq onu ərazidən uzaqlaşdırıblar.
Gültəkin ƏLƏSGƏR