Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda plagiatlığa qarşı mübarizənin gücləndirilməsini istəyir. O, saxtakarlığa əl atan elm adamlarının fəaliyyətinin ömürlük qadağan olunmasını təklif edib.
"Hesab edirəm ki, əqli mülkiyyətlə bağlı yuxarı yaş təbəqələri üçün cəza tədbirləri ağırlaşdırılmalıdır. Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur", - nazir çıxışında bildirib.
Modern.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev nazirin təklifini dəstəkləyib. Deputat son illər plagiatlıqdan da betər proseslərin getdiyini söyləyib.
"Müdafiə olunan azı 80 faiz dissertasiyalar yazdırılır. Bütün elm sahələri üzrə dissertasiya yazan qruplar formalaşıb. Heç bir aktuallığı olmayan mövzulardan işlər yazılır. Rahat müdafiə prosesləri keçirilir. Bəs bunu necə sübut etmək olar? İddiaçılar 15 dəqiqəlik çıxışda dissertasiyanı kağızdan oxuyurlar. Əvvəlcədən onlara suallar paylanılır. İddiaçının işinin özünün yazmadığının bir sübutu da ədəbiyyat siyahısdır. Köhnə ədəbiyyatlara geniş yer verilir və alim olmaq üçün dissertasiyanı yazdıranlar istifadə olunmuş ədəbiyyat siyahısndakı kitabların birinin də üzünü belə görməyiblər".
Deputat AMEA-da işləyərkən belə hallarla daha çox rastlaşdığını qeyd edib:
"Mən AMEA-nın Fəlsəfə və Hüquq İnstitunda işləyəndə belə faktlara çox rast gəlmişəm. Ali Attestasiya Komissiyası bu işlərdən xəbərsiz deyil. Rəhmətik Azad Mirzəcanzadə verdiyi cəmi 2 sualla bunu aşkara çıxarırdı. İndi sualı kim verəcək? Kitab oxyan varmı ki, ədəbiyyat siyahısından suallar versin? Elm sahələri üzrə yazılmış yeni ədəbiyyatlara kitab mağazalarında toxunan belə yoxdur".