Modern.az

Birgə şam yeməyi məntiqi təfəkkürü gücləndirir – Nazir haqlı imiş

Birgə şam yeməyi məntiqi təfəkkürü gücləndirir – Nazir haqlı imiş

Təhsil

25 İyun 2023, 15:34

Bu yaxınlarda İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusunda panel iclasa qatılan elm və təhsil naziri Emin Əmrullayev diqqətçəkən fikirləri ilə gündəmə gəlib. Nazir çıxışı zamanı təhsili şam yeməyi ilə müqayisə edib. 

 

“Apardığımız tədqiqat nəticəsinə görə, şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var”,- nazir çıxışında bildirib.

 

“Bu, çox ciddi psixoloji inkişaf prosesidir. Təhsilin sonda kamil insan yaratmaq məqsədi var. Bir insanın inkişafına ev, təhsil və makrogöstəricilər təsir edir. Mühit inkişafı şərtləndirən əsas amildir. Tədqiqat aləmində bunun ölçülə bilən meyarları var. İlk faktor erkən yaş inkişafıdır”,- deyə Əmrullayev fikirlərini əsaslandırmağa çalışıb.

 

Şam yeməyi ilə təhsilin müqayisəsi sosial şəbəkələrdə maraqlı müzakirələrə yol açıb. Nazirin haqlı olub-olmadığı barədə fikirlər birmənalı deyil, müzakirələr zamanı fərqli mülahizələr və ironik şərhlər daha çox diqqət çəkir.

 

Bəs, məktəblinin ailə üzvləri ilə birgə şam yeməyinə qatılması həqiqətən nazirin bildirdiyi kimi təhsil nəticələrinə təsir edir? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Səbinə Cəbrayılova bildirib ki, valideynlərin övladları ilə qurduğu münasibət onların necə bir şəxsiyyət kimi formalaşmasında əsaslı rol oynayır.

 

"Hələ uşaq yaşda qurulan emosional təmas insanın həssas və ya mexaniki bir şəxs kimi yetişməsinə səbəb olur. Valideynlərlə olan münasibətdən danışarkən, burada ananın rolu xüsusilə vurğulanmalıdır. Çünki uşaq doğulduğu ilk andan etibarən onun ehtiyaclarını təmin edən, ona güvən verən şəxs anadır. Mexaniki ana uşağın yalnız ilkin ehtiyaclarını qarşılayır, onunla təkcə mimika və səs tonu ilə hər hansı ünsiyyət qurmur. Bu şərtlərlə böyüyən şəxs daim sevgi axtarışında olur, hətta valideynlərini heykəl kimi qəbul etdiklərini bildirirlər. Bu analar ya depressiyadadılar, ya analıq necədir bilmirlər, ya da karyera qadınıdır və bütün enerjisini bu yolda sərf edir. Yaxud özü hələ də uşaqdır, psixoloji yaraları var, özünü sağaltmaqla məşğuldur. Ola bilər, ailədə mövcud vəziyyət onu çox yorub, yoldaşına qarşı hər hansı hissi olmadığından uşağa emosional yanaşa bilmir, bəlkə yorğundur və fiziki olaraq xəstədir. Digər tərəfdən olar ki, uşağın sadəcə ilkin tələbatlarının təmin olunmasının kifayət etdiyini düşünürlər. Valideynlərin övladlarına qarşı olan yaxşı və ya pis münasibəti onların sensor perspetiv (idrak) proseslərinin formalaşmasına birbaşa təsir göstərən amillərdəndir", - APAK üzvü deyib.

 

Psixoloqun fikrincə, uşaqların psixoloji inkişafında valideynlər arasındakı münasibətlər olduqca vacibdir:

 

"Valideynlər arasında münasibət uşaqların psixi inkişafına təsir göstərərək onların gələcəkdə yoldaşları, iş kollektivi, şəxsi həyatında əks etdirəcəyi ünsiyyətin əsasını təşkil edir. Hər iki valideyn işlədiyinə görə, övladları ilə dolğun zaman keçirə bilmir. Bu, uşaqların özlərini emosional, tək hiss etmələrinə səbəb olur. Bu da  dövrümüzün problemidir. Onların psixi inkişafına əsaslı təsir göstərir. Lakin tədqiqatlar göstərir ki, mexaniki valideyn olaraq uşağın yanında səhərdən axşama kimi olmaqdansa, onunla səmərəli keçiriləcək vaxt daha effektiv təsir gücünə malikdir".

 



Səbinə Cəbrayılovanın sözlərinə görə, valideynlər övladları ilə gün ərzində azı bir dəfə, xüsusən axşam yeməyi zamanı eyni masa arxasında oturmalıdır. 

 

"Bu, mənəvi dəyər baxımından təsir gücünə malikdir. Həmçinin uşaqların psixi inkişafına yaxşı təsir göstərir. Ailə birlikdə yemək masası arxasında oturan zaman telefon və digər vasitələrdən istifadə etməmək şərti ilə yeməyə minimum 40, maksimum 90 dəqiqə vaxt ayırmalıdır. Yemək zamanı valideynlər üçün vacib əhəmiyyət kəsb edən mövzularda ailədaxili hər kəsin fikri, mövqeyi nəzərə alınmaqla müzakirə olunur ki, bu da uşağın məntiqi təfəkkünün inkişafına zəmin yaradır.

 

Gün ərzində görülən işlərin müzakirəsi, uşaqların etdikləri, yaşadıqları hadisələrin onlardan daha çox təcrübəyə malik olan böyükləri ilə ( validenylər) birlikdə müzakirə etməsi zamanı ağlın keyfiyyətlərindən olan ağlın çevikliyi, sürətliliyi və məntiqiliyi daha da inkişaf edir. Çünki ümumiyyətlə müzakirə beyin həmləsinə və beynin daha aktiv çalışmasına səbəb olur. Bu yolla uşağın məntiqi idrak proseslərindən olan təfəkkür və təxəyyülün inkişafına zəmin yaradır. Bu da məsələ həlli, çətin situasiyalarda tez və daha doğru qərar verməyə, hadisələr arasındakı məntiqi əlaqəni daha tez tapmağa köməklik edir", - deyə psixoloq əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək