Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə iyulun 18-də Parisdə qurumun baş qərargahında mərasim keçirilib.
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, ərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib.
Azərbaycan tərəfindən quruma hədiyyə olunan və tarixi irsimizi əks etdirən abidə-heykəllər UNESCO-nun baş qərargahının həyətində qoyulub.
Əvvəlcə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə təşkilatın baş direktoru İrina Bokovanın görüşü olub. Görüşdə Azərbaycan ilə UNESCO arasında 20 il ərzində çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək. Görüşdə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökümətlərarası komitəsinin cari ilin dekabr ayında Bakıda keçiriləcək iclası barədə müzakirələr aparılıb.
Sonra Azərbaycan Höküməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Azərbaycan tərəfdən sənədi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO tərəfdən isə baş direktor İrina Bokova imzalayıb.
UNESCO-nun baş direktoru İrina Bokova rəhbərlik etdiyi qurumla Azərbaycan arasında olan çoxillik əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, birinci xanım Mehriban Əliyevanın mədəni irsin qorunmasına göstərdiyi dəstəyi xüsusi vurğulayıb.
Sonra Azərbaycan ərazisində tapılan daş abidələrin fotostendi ilə tanışlıq olub.
Daha sonra UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və baş direktor İrina Bokova ölkəmizin bu mötəbər təşkilata üzv olmasının 20 illiyi münasibəti ilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinin UNESCO-ya təqdim olunması mərasimində iştirak ediblər.
UNESCO-nun baş qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənəcək. Bu heykəllər 12-13-cü əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılıb. Ümumilikdə, daş at və daş qoç fiqurları ənənəvi xalq sənətimizin, milli daş plastikası sənətinin geniş yayılmış növlərindən biridir. Bu cür heykəllər həm atın, həm də qoçun xalqımız tərəfindən güclü və davamlı simvollar kimi qəbul olunduğunu əks etdirir.
Mərasimdə UNESCO-nun baş direktoru İrina Bokova çıxış edərək deyib ki, bu ilin sonunda - dekabrda biz Bakıda Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyası keçiriləcək. Bütün bunlar əməkdaşlığımızın miqyasını və Azərbaycan rəhbərliyinin UNESCO ideallarının təbliğinə yüksək diqqətini göstərir. İ.Bokova əlaqələrin inkişafına töhfələrinə görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya dərin minnətardlığımı bildirib.
Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əıiyeva çıxış edərək deyib ki, Azərbaycan UNESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.
- Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xususi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekomunikasiya peyki olan “Azərspeys-1”in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir.
Mədəni irsimizin qorunması Azərbaycan höküməti üçün prioritet istiqamətdir. Biz fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, tar ifası, Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Eyni zamanda, Qız Qalası, İşərishəhər, Şirvanshahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.
Əziz dostlar, UNESCO qeyd etdiyim sahələrdə bizim bütün təşəbbüslərimizi dəstəkləyir.
M.Əliyeva deyib ki, bu gün beynəlxalq ictimayət Azərbaycanı yüksək dini və etnik dözümlülük sahibi, dailoqun mərkəzi kimi tanıyır.
Tədbir iştirakçılarına Azərbaycanda tapılan daş heykəllərin tarixini əks etdirən kitablar paylanıb.