
Təhsil Nazirliyinin sabiq işçisi Orxan Kərimovun apelyasiya şikayəti üzrə proses bu ayın sonuna təyin olunub. Bu barədə
Modern.az-a Orxan Kərimov məlumat verib. O bildirib ki, bütün arqumentləri, sənədləri şikayət formasında Apelyasiya Məhkəməsinə təqdim edib.
”Gözləyirəm ki, bu dəfə ədalətli qərar ala biləcəyəm. Çünki həqiqətən də sənədlərdən də görünür ki, bu məsələlərin mənə heç bir aidiyyatı yoxdur. Mənə qarşı olan ittihamlar kifayət qədər araşdırılmayıb. Orada elə şeylər var ki, kifayət qədər araşdırlmayıb. Cinayətin baş verdiyi məqam var. Həmin gün mən heç Azərbaycanda olmamışam. Türkiyədə müalicədə olmuşam. Elə ciddi məsələlər var ki, sadəcə onların səthi araşdırılması mənə bəraət verilməsi üçün kifayət qədər əsaslıdır”. Apelyasiya Məhkəməsinin onun barəsində ədalətli qərar çıxaracağına inandığını deyən Orxan Kərimovun sözlərinə görə, bundan da yuxarı instansiya var.
“Məncə, Apelyasiya Məhkəməsinin hakimləri daha ədalətli qərar çıxaracaqlar. Mənə qarşı iki – vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət maddələri ittiham irəli sürülüb. Mən heç bu maddələrin subyekti deyiləm. Çünki mən tələbə köçürmələri sahəsində vəzifəli şəxs deyiləm. Əgər mənim buna səlahiyyətim yoxdursa, heç bu maddələri mənə aid etmək olmaz. İstintaq bitəndən sonra rəsmi müraciət edərək bildirdim ki, araşdırın ki, həmin vaxt mən harada olmuşam. Doğurdan da onlar Dövlət Sərhəd Xidmətindən arayış aldılar. Amma artıq istintaq bitmişdi, yazılan yazılmışdı. Heç nə dəyişmədi. O vaxt sağ olsun ölkə prezidenti mənim səhhətimlə bağlı tapşırıq verdi, mənim barədə çıxarılan həbs-qətiimkan tədbiri ləğv olundu. O, olmasa idi heç özümü müdafiə edə bilməyəcəkdim”.
Qeyd edək ki, mərhum şair Əli Kərimin oğlu Orxan Kərimov Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin keçmiş müdiri Şahrza Əliyevin müavini olub. O, bir müddə həbsdə qaldıqdan sonra ötən il iyunun 21-də azad olunub. O.Kərimov Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.
Gültəkin ƏLƏSGƏR