Modern.az

Kolleclərə ixtisas seçimi ilə bağlı qaydalar dəyişdi

Kolleclərə ixtisas seçimi ilə bağlı qaydalar dəyişdi

Təhsil

19 İyul 2013, 12:34

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən bir neçə ixtisasına qəbulla bağlı bəzi dəyişikliklər olduğunu açıqlayıb.

Onun sözlərinə görə, bu ildən xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslar üzrə seçmə turları ləğv edilib. Bunlar bədən tərbiyəsi və idman istiqaməti üzrə, həmçinin musiqi sənəti istiqamətinin "Musiqi müəllimliyi", "Musiqi nəzəriyyəsi", "Xor dirijorluğu", "İnstrumental ifaçılıq" (alətlər üzrə) və "Xalq çalğı alətləri ifaçılığı"dır (alətlər üzrə).
Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin "İnstrumental ifaçılıq" (alətlər üzrə) və "Xalq çalğı alətləri ifaçılığı" (alətlər üzrə) ixtisasları bu seçmə turlarda istisna hal kimi qeyd olunur.

Qalan xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər avqustun 5-dən 13-dək seçmə turlarda iştirak etməlidirlər. Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları avqustun 25-də keçiriləcək. Bu təhsil müəssisələrinə sənəd qəbulu iyulun 17-dən başlayıb. Bu günə kimi 2500-dək abituriyent sənəd verərək elektron ərizəsini təsdiqlədib. Bu il bəzi abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri elektron ərizələrini təsdiq edə bilərlər. Həmin abituriyentlər 2012/2013-cü tədris ilində Azərbaycanın ümumi və ilk-peşə ixtisas təhsili müəssisələrinin 9-cu, 10-cu və 11-ci siniflərini bitirən abituriyentlər, 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş şəxslərdir. Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Bakı şəhəri 42 nömrəli tam orta məktəbində və TQDK-nın regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.

Aytən Əliyeva

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım