Modern.az

Nazir veteran jurnalistləri mükafatlandırdı - FOTOLAR

Nazir veteran jurnalistləri mükafatlandırdı - FOTOLAR

Təhsil

19 İyul 2013, 12:55


22 iyul - Milli Mətbuat günü ilə əlaqədar iyulun 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində KİV nümayəndələri və veteran jurnalistlərlə görüş keçirilib.

Görüşdə nazir Fizuli Ələkbərov görkəmli maarifçi Həsən Bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda «Əkinçi» qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən müddətdə şərəfli bir inkişaf yolu keçdiyini, həmişə azərbaycançılıq qayəsinə sadiq qaldığını, mütərəqqi fikir və ideyaların daşıyıcısı olduğunu bildirib. Jurnalistlərlə əməkdaşlığa önəm verdiklərini deyən nazir bildirib ki, bu  ilin 6 ayı ərzində nazirliyin fəaliyyət sahələri üzrə 100-dən çox press-reliz hazırlanaraq KİV-lərə təqdim olunub, bu müddətdə nazirliyin məsul şəxslərinin mətbu orqanlarda 60-dan çox müsahibəsi dərc edilib. Bununla yanaşı, sosial mövzular üzrə jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün nazirlik tərəfindən bir neçə dəfə seminar-treninqlər təşkil olunub.

«Hər il olduğu kimi, bu il də Mətbuat günündə biz ilk növbədə veteran jurnalistlərimizlə görüşməyi özümüzə borc bildik. Çünki həmin insanlar Azərbaycan mətbuatının inkişafında böyük əmək sərf etmiş və xidmətlər göstərmiş dəyərli insanlarımızdır.  Onların keçib gəldiyi həyat yolu şərəfli bir işə-milli mətbuatın inkişafına, ölkəmizdə informasiya təminatına sərf olunmuşdur.  Əziz veteran jurnalistlərimiz, biz həmişə sizinlə fəxr edir və sizləri öz sıralarımızda görməkdən məmnunluq duyuruq. Baxmayaraq ki, indi sizin bir çoxunuz peşə fəaliyyəti ilə məşğul deyilsiniz, sizin malik olduğunuz zəngin həyat məktəbi, peşə təcrübəsi çox dəyərlidir. Arzumuz budur ki, daim belə gümrah, nikbin olasınız və Azərbaycan mətbuatının mütərəqqi keyfiyyətlərini, yüksək məziyyətlərini gənc jurnalistlər nəslinə aşılayasınız»-deyən nazir Fizuli Ələkbərov Milli Mətbuat günü münasibətilə hər bir Azərbaycan jurnalistinə  xoş arzularını ifadə edib.

Sonra KİV nümayəndələrinə və veteran jurnalistlərə nazirliyin diplomları və mükafatları təqdim olunub.





Modern.az
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım