Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xaçmaz rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştik edib. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verildi ki, qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır. Yeni muzey Xaçmaz şəhərinin Heydər Əliyev prospektində, Şəxsiyyətlər Muzeyinin ərazisində inşa edilmişdir. İki filial və yeddi şöbədə fəaliyyət göstərən muzeyin 1930-cu ildə tikilən binası artıq istismar müddətini başa vurub və istifadəyə yararsız vəziyyətə düşüb. Yeni binanın tikintisinə isə 2013-cü ilin əvvəlində başlanılıb. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqlarla təchiz edilib.
Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Ölkə başçısı Xaçmaza səfəi zamanı daha sonra Xaçmaz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevə məlumat verilib ki, bu, ölkədə istifadəyə verilən sayca 38-ci Olimpiya İdman Kompleksidir.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Modern.az