Bakı Slavyan Universiteti (BSU) iki ölkənin –Bolqarıstan və Rusiyanın nüfuzlu ali məktəblərində yeni Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılışına hazırlaşır. Modern.az-ın məlumatına görə, bu gün BSU-də təşkil olunan konfransda tədris işləri üzrə prorektor, professor Asif Hacıyev, beynəlxalq əlaqələr üzrə prorektor, millət vəkili Sahibə Qafarova və təlim-tərbiyə işləri üzrə prorektor, dosent Oqtay Səmədov bu barədə mətbuat nümayəndələrinə məlumat veriblər. BSU-nun Bolqarıstanın paytaxtında yerləşən Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti və Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki B. Yeltsin adına Ural Federal Universiteti ilə imzaladığı qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyətə başlayacaq Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin rəsmi açılışı sentyabr ayının sonu – oktyabr ayının əvvəllərində gözlənilir.
Yeni yaradılan tədris-mədəniyyət mərkəzlərinin məqsədi xarici ölkələrin ali məktəb tələbələrini xalqımızın tarixi və mədəniyyəti, milli mənəvi dəyərləri ilə yaxından tanış etmək, xalqımızı və dövlətimizi onlara tanıtmaqdır.
Namidə BİNGÖL