Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bu gün Gəncə və Bərdədə məcburi köçkünlər üçün tikilən binalara baxış keçirib. Komissiyanın Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbəsinin müdiri Sənan Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, Ə. Həsənov aparılan tikinti işləri ilə yerində tanış olub, tikinti təşkilatlarının rəhbərləri ilə söhbət edib və tikintinin tam keyfiyyəti ilə vaxtında verilməsi ilə bağlı tövsiyələrini və tapşırıqlarını verib.
“Hazırda Gəncədə 1500 ailəlik 5 mərtəbələr tikilir ki, bura Gəncədə məskunlaşan məcburi köçkünlər köçürüləcək. Eyni zamanda Bərdədə 766 ailəlik 5 mərtəbələr tikilir ki, bura da Bərdədə məskunlaşan məcburi köçkünlər köçürüləcək. İnşallah binalar bu il tikilib tam təhvil veriləcək və ora məcburi köçkünlər köçürüləcək”, – deyən S. Hüseynov qeyd edib ki, artıq Mingəçevirdə salınan 502 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi prosesi başa çatıb.
Qeyd edək ki, hazırda qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Gəncədə 25 hektar sahədə salınmış qəsəbədə hər biri 5 mərtəbəli olmaqla 25 çoxmərtəbəli bina, Bərdə rayonunda yeni yaşayış məhəlləsində hər biri 5 mərtəbədən ibarət 15 ev, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub, inzibati bina, poçt inşa edilir. Bundan başqa, İmişli, Qəbələ, Balakən, İsmayıllı rayonları ərazilərində də qaçqın və məcburi köçkünlər üçün yeni binalar inşa edilir.
“Bu gün Bakının Müşfiqabad qəsəbəsinə axırıncı ailələr köçürüldü. Bura Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərdən sonra Həmzə Babaşov küçəsindəki Doğum Evinin yarımçıq qalmış binasındakı məcburi köçkünlər köçürülüb. Yarımçıq tikilinin ətrafında olan məcburi köçkünlərlə bağlı isə prezidentin sərəncamı oldu ki, onlar üçün Müşfiqabadda 156 ailəlik əlavə 2 çoxmərtəbəli binalar tikilsin. Binalar tikildikdən sonra həmin məcburi köçkünlər ora köçürüləcək. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşan məcburi köçkünlər də bu il ərzində yeni salınan şəhərciyə köçürüləcək”.
Aytən Əliyeva
Gültəkin Ələsgər