Modern.az

Abbas Abbasovdan Azərbaycana müraciət: “Hər kəs məsuliyyətini dərk etməlidir”

Abbas Abbasovdan Azərbaycana müraciət: “Hər kəs məsuliyyətini dərk etməlidir”

22 İyul 2013, 00:19

Modern.az saytının xəbərinə görə, Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov 22 iyul Milli Mətbuat günü münasəbitilə Azərbaycan jurnalistlərini təbrik edib.

A.Abbasovun təbrik müraciətində bildirilir ki, 138 il öncə - 22 iyul 1875-ci ildə görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetilə milli mətbuatın əsası qoyulub və bu gün Azərbaycan jurnalistləri tərəfindən həmin tarix qürurla qeyd olunur.

”Sizi peşə bayramınız – Milli Mətbuat günü münasibətilə ürəkdən təbrik edirəm!”-deyə A.Abbasovun Azərbaycan jurnalistlərinə müraciətində vurğulanıb.

Bununla yanaşı, “AzərRos” Ağsaqqallar Şurasının sədri informasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə KİV nümayəndələrindən daha dinamiklik, operativlik tələb olunduğunu, bunların isə eyni zamanda jurnalistləri öz peşəkarlıq və ustalıq səviyyələrini artırmağa məcbur etdiyini xatırladıb.

Onun sözlərinə görə, bu gün jurnalistlərin hər biri geniş dünyagörüşünə malik olmalı, aldıqları informasiyaya adekvat yanaşaraq, onu ictimaiyyətə doğru-düzgün çatdırmalıdırlar.

”Siz ölkənizin müasir həyatındakı nəbzini tutub ictimai rəy formalaşdırmaqla yanaşı, insanlara təkcə informasiya vermirsiniz, həm də onlara nə baş verdiyini dərk etməyi anladırsınız”-deyə təbrikdə bildirilib.

A.Abbasov onu da xatırladıb ki, hər bir KİV nümayəndəsi jurnalist sözü qarşısındakı məsuliyyətini hiss etməli və anlamalıdır ki, dəqiqləşdirilməmiş məlumatlar yaymaqla hansısa insanın və ya çalışdığı təşkilatın imicinə xələl gətirə bilər.

“Sizə məqalə və xəbərlərinizin həmişə etibarlı və yüksək keyfiyyətli olmağını, ölkə vətəndaşlarının və tarixi yurdlarından kənarda yaşayan bütün soydaşlarımızın maraqlarına xidmət edən hər şey haqqında oxuculara obyektiv və informativ məlumat çatdırmağınızı arzulayıram”.

Sonda A.Abbasov Azərbaycan jurnalistlərinə möhkəm cansağlığı, bütün fəaliyyətlərində uğurlar, hörmət və oxucu sevgisi arzuladığını da qeyd edib.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım