Azərbaycan futbolunda transferlərin kommersiya tərəfi qapalı mövzu kimi qalmaqdadır. Premyer Liqada əcnəbi oyunçularla bağlanan müqavilələrdə nəzərdə tutulan maaş qiymətlərinin gizlədilməsi arxasında hansı səbəblər durur?
Modern.az tanınmış idman yazarlarının fikirlərini öyrənib.
Mahir Rüstəmli (“Futbol +” qəzetinin baş redaktoru): “Burda söhbət çox böyük məbləğlərin gizlədilməsindən gedir. Avropaya bəllidir ki, Azərbaycan da futbolçularla ikili müqavilələr imzalanır. Yəni bir müqavilədə onun aldığı real məbləğ, o birində isə qeyri-real məbləğ göstərilir. Əsas problem də bundadır. İkili mühasibata görə dəfələrlə ölkəmizdə çıxış edən legionerin klublarla münaqişəsi düşür. Hətta UEFA-ya müraciət edirlər ki, Azərbaycanda bu kimi problemlər var. Lakin onların pulları sonradan ödənilir və bu problem qismən həllini tapmış olur”.
Fərid Ədalət (“Qol.az” saytının redaktoru): “Xaricdə futbolçular transfer edilərkən vergilər ödənilir və bu şəffaf sistemlə həyata keçirilir. Bu ilin sonunda hesabatda əks olunur və UEFA –ya göndərilir. Azərbaycanda isə klublar transfer məbləğini açıqlamayıb vergilərdən yayınırlar. Son zamanlar ölkəmizə yaxşı səviyyəli oyunçuların gəlməsi məhz burada yüksək maaşın verilməsi ilə bağlıdır. Lakin bu maaşlar heç bir rəsmi sənəddə əksini tapmır. Gələn ildən etibarən UEFA-nın maliyyə “fair-play” qaydaları işə düşəndən sonra bəlkə Azərbaycanda nəsə dəyişə. Amma bu, hələlik real görünmür”.
Abbas Qəmli