Modern.az

Hələ də oxuyub-yazmağı bacarmayan məktəblilər varsa… - 3 SƏBƏB

Hələ də oxuyub-yazmağı bacarmayan məktəblilər varsa… - 3 SƏBƏB

Təhsil

5 İyul 2023, 09:24

"Abituriyent" jurnalının 12-ci nömrəsində yer alan məlumata görə, 9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da var. 2022-ci ilin nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 21 nəfər, 11-ci sinif şagirdləri arasında 2 nəfər oxuyub-yazmağı bacarmayıb.

 

"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Masallı rayonunda 4 nəfər, Goranboy, Gədəbəy və Quba rayonlarının hərəsində 2 nəfər, Abşeron, Astara, Cəlilabad, Kəlbəcər, Lənkəran, Lerik, Saatlı, Xocalı, Yardımlı rayonlarının, Bakı, Mingəçevir şəhərlərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Ağdam və Qobustan rayonlarından olub", - məlumatda qeyd olunub.

 

XXI əsrdə yazıb-oxumağı bacarmayan şagirdlərin olması ortaya bir sıra suallar doğurur. Maraqlıdır, səbəb nədir? Təhsildə hansı problemlər hələ də həll olunmamış qalır? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 11-ci sinif şagirdlərinin aşağı sinif biliklərini unutması normaldır.

 

“İlk növbədə qeyd edim ki, hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Bunlar arasında 9-cu sinif məzunlarının sayı 130 mindən çoxdur. Qiymətləndirməyə cəlb edilən şagirdlərin nəticələri  orta ümumtəhsil məktəblərindəki tədrisin keyfiyyətindən xəbər verir. Bununla bağlı müxtəlif yanaşmalar var. Yəni 9-cu siniflərin buraxılış imtahanının nəticələri və 11-ci sinif qəbul və buraxılış imtahanının birlikdə nəticələri tam olaraq orta ümumtəhsil məktəblərinin güzgüsü hesab edilsə də, burada nəticələrin aşağı olmasının bir neçə səbəbi var. Xüsusilə qeyd etməliyik ki, oxuma-yazma bacarığı olmadığını əks etdirən nəticələr çox ciddi və təhlükəli haldır. Bildirim ki, Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarınını aşağı sinif biliklərini yoxlayır. Təbii ki, bu zaman müəyyən qədər bilik və bacarıqların unudulması müşahidə oluna bilər. Çünki şagird 11-ci sinifdə oxuyarkən onun 5, 6, 7-ci siniflərdə əldə etdiyi bilikləri unutması müşahidə oluna bilər. Dünya təcrübəsində də belədir. İkinci məsələ təqdim edilmiş test tapşırıqlarının ağırlıq səviyyəsi ilə bağlıdır. Yəni heç də bütün uşaqlar  ali məktəblərə, orta ixtisas təhsil müəssisələrinə getmək istəmirlər. Buna nəticələr öz təsini göstərir. Amma məşhur bir ifadə var. Heç bir təhsil sisteminin səviyyəsi müəllimin səviyyəsindən, biliyindən artıq deyil”.

 

 

Ekspert hazırda təhsil sahəsində müşahidə olunan problemlərdən söz açıb. 

 

“Biz Azərbaycanda ilk dəfə 2022-ci ildə keçirilən və 4 bölgə üzrə 11 min müəllimin iştirak etdiyi sertifikasiya nəticələrini təhlil etdikdə gördük ki, həmin 11 mindən 2800 müəllim keçid balını toplaya bilməyib. Özü heç nə bilməyənlər şagirdə də heç nə öyrədə bilməz. Həmçinin bu, digər yuxarı sinif müəllimlərinə də aiddir. Fənlərin tədrisi zamanı müəllimlərin bilik və bacarıqları aşağıdır. Bu gün Azərbaycan təhsil sistemi repetitorlardan asılıdır. Kimlər ki, repetitor xidmətindən, hazırlıq kurslarının xidmətindən yararlana bilirsə, onların tədris göstəriciləri və qəbul nəticələri yüksək olur. Amma kimlər ki, prosesdən məhrumdur, onların nəticələri aşağı olur. Bölgələrdə, xüsusilə Lerik, Saatlı, Gədəbəy, Xocalı, Quba kimi ərazilərdə olan problemin əsas səbəbi məktəblərin mərkəzdən kənarda yerləşməsi və burada repetitor, hazırlıq kurslarının elə də geniş yayılmamasıdır. Amma bəzən mərkəzi ərazilərdə də nəticələrin o qədər ürəkaçan olmadığını görə bilirik. Təbii ki, birinci səbəb müəllimlərin bilik və bacarıqlarının zəif olmasıdır. İkinci səbəb isə dərsliklərlə bağlıdır. Dərsliklər öyrədici funksiyanı yerinə yetirmir və şagirdlər repetitor, hazırlıq kursu olmadan həmin dərslikləri mənimsəyə bilmir. Dərsliklərin keyfiyyətinin ağır olması nəticələrin aşağı olmasına gətirib çıxarır. Üçüncü səbəb kimi təhsilin idarə olunmasındakı ciddi boşluqları göstərə bilərik. Amma bunun aradan qaldırılması mümkündür”.

 

 

Kamran Əsədov qeyd etdiyi problemlərdən çıxış yolunu da göstərib: 

 

“Hesab edirəm ki, ildə bir dəfə müstəqil qurumlar, yaxud Dövlət İmtahan Mərkəzi hər sinif üzrə monitorinq imtahanları keçirməlidir. Müstəqil qurumlar tərəfindən şagirdlərin imtahan nəticələri yoxlanılmalıdır. Biz bunu 3-cü sinifdən 11-ci sinfə qədər hər il tətbiq etməliyik ki, uşaqlar da, müəllimlər də nəticələrə görə narahat olsunlar. Biz ölkə üzrə şagirdlərin hər birini monitorinq etməliyik ki, onların zəif tərəflərini müəyyənləşdirək və aradan aldırılması istiqamətində işlər görək.

 

Bir daha qeyd edirəm ki, test tapşırıqlarının ağırlıq səviyyəsi təhsil prosesinə müəyyən qədər təsir göstərir. Biz zaman-zaman test tapşırıqlarının səviyyəsinin ağır olduğunu və şagirdlərin test tapşırıqlarını cavablandırmaqda çətinlik çəkdiyini görürük. Bəzən onlar sual modelləri ilə tanış olmurlar. Çünki məktəblərdə KSQ, BSQ sualları məktəblərin kurikulum standartlarına uyğun olmur. Hesab edirəm ki, bu məsələr üzərində ciddi işləmək lazımdır. Təhsilin idarə olunmasındakı boşluqlar məhz nəticələrin aşağı olmasına gətirib çıxarır. Azərbaycan dünyada pulsuz təhsil verən, pulsuz dərslik verən, hər kəs üçün təhsilin əlçatanlığını təmin edən ilk ölkələrdən biridir. Azərbaycan dövləti təhsilə kifayət qədər yüksək vəsait ayırdığı halda nəticələr yaxşı deyil. Bu təhsilin idarə olunmasındakı ciddi qüsurlardan qaynaqlanır”.

 

Aytac Əsədova

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək