“Bizim iki məqsədimiz var, birincisi keyfiyyəti qaldırmaq, ikincisi həmin keyfiyyəti bərabər paylamaq”.
Modern.az xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşən elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz: “Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var”.
Nazir qeyd edib ki, rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər: “Müəllimlər üçün yeni rəqiblər var və bu hal qaçılmazdır. Telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik. Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək. Koronavirus pandemiyası dövrü bizə bunun gec-tez olacağını göstərdi”.