Modern.az

ABŞ Suriya müxalifəti üçün hərbi dəstək yolu açır

ABŞ Suriya müxalifəti üçün hərbi dəstək yolu açır

23 İyul 2013, 13:46

Modern.az xəbər verir ki, ABŞ Konqresi Suriya müxalifətinin silahlandırılmasına qoyulan embarqonu ləğv edib. Konqresin kəşfiyyat komitəsinin sədri Mayk Rocers bildirib ki, Obama administrasiyası müxalifəti silahlandırarkən Konqresi bundan məlumatlandırmalıdır.

Bir ay öncə də Senatda və Nümayəndələr Palatasında Suriya mövzusu müzakirə edilib. Bağlı qapılar arxasında keçirilən dinləmələrdə həm demokratlar, həm də respublikaçılar partiyası tərəfindən bu təklif qəbul olunmamışdı. Lakin yeni təkliflər prezident Obama, vitse-prezident Co Bayden və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan tərəfindən korrektə edilib. Nəticədə yeni təkliflər Konqresin hər iki palatasının kəşfiyyat üzrə komitələri tərəfindən dəstəklənib. Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri son aylar ərzində Suriya müxalifətinə çoxlu sayda silahların verildiyini açıqlayıb. Bu siyahıda Əsəd qüvvələrinə qarşı vuruşan ən böyük qruplaşma olan “Əl-Nusrə cəbhəsi” yoxdur. Bu qruplaşma ABŞ Dövlət Departamenti tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb. Bununla paralel Pentaqon Suriyaya məhdud sayda zərbələr endirməyi nəzərdə tutan planın hazırlandığını bildirib. Əsas zərbələrin Suriyanın hərbi hava qüvvələrinə və hava hücumundan müdafiə sistemlərinə endiriləcəyi nəzərdə tutulur. Fövqəldəqiq hava zərbələrinin endirilməsi ilə Əsəd qüvvələrinin müxalifətçiləri havadan bombalamaq imkanları sıfıra enəcəyi nəzərdə tutulur.

Bu planlar ABŞ Silahlı Qüvvələri Baş Qərargahı Birləşmiş Komitəsinin sədri Martin Dempsinin Senatın hərbi məsələlər komitəsinin sədri Karl Levinə ünvanladığı məktubda açıqlanır. Məktubda o da vurğulanır ki, bu əməliyyatların həyata keçirilməsi üçün ilk mərhələdə 500 milyon dollar, sonrakı mərhələdə isə orta hesabla il ərzində aylıq 1 milyard dollar vəsait tələb edir. Plan hava zərbələri ilə yanaşı Bəşər Əsəd hakimiyyətinin malik olduğu kimyəvi silah arsenalını ələ keçirmək üçün yerüstü əməliyyat da nəzərdə tutur. Məktubda Dempsi bu əməliyyatın çox riskli və bahalı olduğunu əlavə edib.  

Vüqar İsmayılov            
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım