
Son yarım ildə 4350 nəfərədək əlilə bərpa-müalicə xidməti göstərilib. Modern.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, 14 regionu üzrə fəaliyyət göstərən bərpa-müalicə müəssisələrində 9 minə yaxın əlil bərpa-müalicə xidməti ilə təmin olunur. Bu istiqamətdə aparılan işlər əlillərin reabilitasiyasında önəmli rol oynayır. Cari ilin 6 ayında əlillər arasında tam reabilitasiya göstəricisi 3300 nəfərə yaxın olub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10-15%-dir. Azərbaycanda isə bu rəqəm 4,4% təşkil edir ki, bu da dünya üzrə ən aşağı göstəricilərdəndir.
Cari ilin yay mövsümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 529 nəfər əlilin ölkənin istirahət və sağlamlıq mərkəzlərində istirahəti təmin edilib. Onlardan 349 nəfəri Qəbələ, 180 nəfəri isə Lənkəran rayonlarında yerləşən istirahət mərkəzlərinə göndərilib. Mövsümün sonuna kimi daha 500 nəfər əlil istirahət guşələrinə yola salınacaq.
Qeyd edək ki, tədbir “2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində təşkil olunur. Proqrama uyğun olaraq, il ərzində min nəfərdən çox əlilin istirahətinin təşkili nəzərdə tutulur.
İstirahət mərkəzlərində xüsusi mədəni-kütləvi proqram çərçivəsində canlı musiqi, diskoteka və viktorinaların təşkili, stolüstü oyun (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), futbol və voleybol yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), göldə üzgüçülük və ətraf rayonlara gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq kimi tədbirlər həyata keçirilir.
Aytən ƏLİYEVA