Azərbaycanın dövlət başçısı İlham Əliyev İran İslam Respublikasının yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə dəvət olunub. Modern.az saytı Tehran radiosuna istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Abbas Əraqçı məlumat verib.
“Cənab Ruhaninin andiçmə mərasimi 4 avqustda İranın İslam Şurası Məclisində keçiriləcək. Azərbaycan Respublikasına da rəsmi dəvətnamə göndərilib. Ümid edirik ki, bu ölkə andiçmədə yüksək səviyyədə iştirak edəcək”-deyə Əraqçı bildirib.
A.Əraqçının sözlərinə görə, İrandakı İslam inqilabından sonra ilk dəfə xarici ölkələrin rəsmilərinin İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün dəvət etmək qərara alınıb.
“Biz Amerika, İngiltərə və sionist rejim istisna olmaqla bütün ölkələrə dəvətnamə göndərmişik. Əlbəttə, qonşu və region ölkələri habelə İran İslam Respublikası ilə dostcasına və yaxın əlaqələrə malik olan ölkələr daha çox bizim diqqət mərkəzimizdədir. Allaha şükürlər olsun ki, bu dəvətlər müsbət qarşılanıb”.
Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçı Azərbaycan Respublikasının İranın yeni prezidentinin andiçmə mərasimində yüksək səviyyədə iştirak edəcəyi haqda ümidvar olduğunu vurğulayıb.
X.SƏFƏROĞLU