Modern.az

Azərbaycanda 51 həbsxana işçisi cəzalandırılıb

Azərbaycanda 51 həbsxana işçisi cəzalandırılıb

24 İyul 2013, 10:27


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2013-cü ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurası keçirilib. Şurada Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin və İnsan haqları və ictimaiyyətlə əlaqələr idarəsinin məsul əməkdaşları iştirak ediblər. Bu barədə Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev 6 ay ərzindəki fəaliyyətə yekun vuraraq deyib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən amnistiya aktı 2 mindən artıq məhkuma tətbiq edilib.

Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədov müxtəlif xidmət sahələrindəki nöqsan və çatışmazlıqları şəxsi heyətin nəzərinə çatdıraraq, onların qısa müddət ərzində aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsini tapşırıb.

Müşavirədə qeyd olunub ki, ilin birinci yarısında 132 müxtəlif cinayətlərin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2013-cü ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 1636 manat pul, 105,5 litr spirtli içki, 321 mobil telefon, 82,6 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb.

Şurada hesabat dövrü ərzində Penitensiar xidmətin 51 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.
Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və İstintaq təcridxanalarının rəisləri çıxış ediblər.

Əməliyyat Şurasına ədliyyə nazirinin müavini Mədət Quliyev yekun vurub. O, Penitensiar xidmətin fəaliyyətində nöqsan və pozuntular olan əməkdaşlara bunları aradan qaldırmaq barədə müvafiq tapşırıqlar verib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım