Modern.az

“Rəsul Quliyev-Müsavat qarşıdurması Milli Şura ətrafında neqativ fon yaradır” - MÖVQE

“Rəsul Quliyev-Müsavat qarşıdurması Milli Şura ətrafında neqativ fon yaradır” - MÖVQE

25 İyul 2013, 11:58


Keçmiş spiker Rəsul Quliyev və Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı arasında qalmaqal səngimək bilmir. Polemika müstəvisindən qarşılıqlı ittiham və təhqirlər səviyyəsinə yüksələn qalmaqallı açıqlamalar bir neçə gündür ölkə mətbuatının əsas siyasi gündəminə çevrilib. Maraqlıdır ki, hər iki şəxs Milli Şura üzvüdür. Bəs bu söz davası Milli Şuranın gələcək fəaliyyətinə mənfi mənada təsir edə bilərmi?

  Bu barədə Modern.az-a danışan ALP sədri, Milli Şura üzvü  Əvəz Temirxan hesab edir ki, qalmaqal artıq səngiməkdədir. “Ona görə də bu, Milli Şuranın işinə heç bir xələl gətirməyəcək”.  

AXCP sədrinin müavini, Milli Şura üzvü  Razi Nurullayev isə bunun əksini düşünür. O bildirib ki, Milli Şurada bu tip polemikaların olması normaldır.

“Ancaq bu müzakirələrin qarşılıqlı ittihamlar səviyyəsinə yüksəlməsi olduqca üzücüdür. Bu, Milli Şura ətrafında müəyyən neqativ hisslərin yaranmasına səbəb olur. Polemikada və qarşılıqlı ittihamlarda iştirak edən tərəflər də çox yaxşı başa düşür ki, bu ümumilikdə Milli Şuranın maraqlarına ziddir. Həmçinin bu situasiya xalqda da birmənalı fikir yarada bilməz. Bu baxımdan təəssüf edirəm. Belə hallara yol verilməməlidir. Çünki Milli Şura Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra müxalifətin ən böyük qurumudur. Bu təşkilatda seçki öncəsi bu cür söz davasının aparılması ümumi işin xeyrinə ola bilməz”-deyə vurğulayıb.  

Aqşin KƏRİMOV
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım