“Eks-nazirn ailəsi əfv xahişi ilə Prezidentə müraciət etməyib”
“Fərhad Əliyevin Avropa Məhkəməsinə müraciəti Azərbaycan tərəfi ilə kommunikasiya mərhələsindədir və bu mərhələ artıq yekunlaşıb”.
Bu barədə Modern.az-a keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsinin sədri, professor Cəmil Həsənli bildirib.
Cəmil Həsənlinin sözlərinə görə, eks-nazirin Avropa Məhkəməsinə müraciətinə cavablar da qəsdən yubadılır.
“Bu işi yubatmaqdan ötrü gah sənədləri itirirlər, gah poçt göndərişlərində ünvan qəsdən səhv yazırlar. Bu kimi primitiv şeylərdən istifadə olunur. Həbsdə olan insana qarşı belə şeylər yolverilməzdir. Təəssüflər olsun ki, bu işə cavabdeh olanlar bu vasitələrdən də istifadə edirlər”.
Müdafiə Komitəsinin rəhbərinin sözlərinə görə, həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşə maneələr yaradırlar. “Son vaxtlar görüşə getməmişəm. Müəyyən qaydalara görə görüş onun yaxınlarına verilir. Həm də böyük prosesdir. Müəyyən maneələr yaradıldığı üçün görüş hüququndan yararlana bilmirəm”-deyə C.Həsənli vurğulayıb.
O həmçinin bildirib ki, Fərhad Əliyevin ailəsi onun əfv edilməsi ilə üçün prezidentə müraciət etməyib.
Qeyd edək ki, həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Avropa Məhkəməsinə iki müraciət göndərib. Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamı ilə 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.
2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F. Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Gültəkin ƏLƏSGƏR