Modern.az

Politoloq: “Rüstəm İbrahimbəyovu ya tutacaqlar, ya da seçkiyə buraxmayacaqlar” - ŞƏRH

Politoloq: “Rüstəm İbrahimbəyovu ya tutacaqlar, ya da seçkiyə buraxmayacaqlar” - ŞƏRH

25 İyul 2013, 12:45



“Rüstəm İbrahimbəyov Azərbaycana qayıdarsa, əsas üç məqam üzərində düşünmək lazımdır. Birincisi ondan ibarətdir ki, onu hava limanında həbs edə bilərlər. İkinci ssenari isə ondan ibarədir ki,  Rüstəm İbrahimbəyovu həbs etməyəcəklər, amma namizədliyini qeydə almayacaqlar. Üçüncü variant isə onun namizədliyinin qeydə alınmasına mane olmaqdır”.

Bunu Modern.az saytına açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışının perspektivini şərh edərkən bildirib.

  Onun sözlərinə görə Rüstəm İbrahimbəyov Azərbaycana qayıdandan sonra müəyyən fəaliyyət planı ortaya qoyula bilər. Politoloq bildirib ki, Milli Şura hakimiyyəti nə qədər tənqid etsə də, iqtidarın da qızğın fəaliyyət göstərməsi göz önündədir.

“Məsələn, dünən üç  xəbər yayılmışdı. Birinci xəbər odur ki, Rusiya prezidenti Putin Azərbaycana səfər edəcək. İkinci isə dövlət başçısı İlham Əliyevin Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planını təsdiq etməsidir. Üçüncü informasiya Prezident İlham Əliyevin Azərbaycan və Türkiyə hökumətləri arasında təlimlərin icrasına dair Anlaşma Memorandumunu təsdiq etməsidir”-deyən siyasi ekspert hesab edir ki, hakimiyyət seçki öncəsi müxtəlif istiqamətlərdə fəaliyyət göstərir və bununla da xaricdən olan təsirləri neytrallaşdırmağa çalışmaqla onlarla münasibətləri inkişaf etdirmək istəyir.

“Bunun qarşılığında da Milli Şuranın fəallaşması lazımdır. Rüstəm İbrahimbəyov qayıdandan sonra Milli Şuranın fəaliyyətinə daha ətraflı şəkildə qiymət vermək olar”.   Analitik qeyd edib ki, Rüstəm İbrahimbəyovun qayıdışlarının təxirə salınması əslində Milli Şuranın əleyhinə işləyir.

“Həm də xarici amil göründüyündən daha çox şişirdilir. Seçkinin taleyi elə Azərbaycanda həll olunur. Rüstəm İbrahimbəyov buna görə də Azərbaycana qayıdıb reytinqinin artırılması istiqamətində işlər aparmalıdır. Avropa və ABŞ-a səfərlərlə seçkinin nəticələrinə təsir etmək mümkün olmayacaq. Bu arada ATƏT Parlament Assambleyası da  seçkiyə müşahidəçi göndərməyəcəyini açıqlayıb. Bu da Milli Şuraya ciddi bir siqnal olmalıdır”-deyə vurğulayıb.  

Aqşin KƏRİMOV
 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım