Modern.az

Həsən Ruhaninin andiçməsində Oqtay Əsədov iştirak edəcək

Həsən Ruhaninin andiçməsində Oqtay Əsədov iştirak edəcək

25 İyul 2013, 14:02



İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək. “Media forum” saytı xəbər verir ki, bunu Azərbaycan Respublikasının İranda fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov iyulun 24-də parlamentin Germidən seçilmiş azərbaycanlı deputatı Mirqismət Musəvi Əsl ilə görüşündə deyib.

Həsən Ruhani iyunun 14-də prezident seçilib. Onun andiçmə mərasimi avqustun 4-də olacaq.

Cavanşir Axundovun Mirqismət Musəvi Əsl ilə görüşündə iki ölkə arasındakı münasibətlər müzakirə edilib.

Deputat deyib ki, parlamentlərarası əlaqələr ölkələr arasında münasibətləri inkişaf etdirmək baxımından böyük önəm daşıyır. O, İranla Azərbaycanın müştərək tarixi, mədəni və dini bağlılığı olduğunu vurğulayıb və qeyd edib ki, sərhədyanı zonalarda iqtisadi-ticarət əlaqələrinin inkişafı ölkələrin müxtəlif sahələrdə birgə əməkdaşlığını gücləndirə bilər. Mirqismət Musəvi Əsl İranla Azərbaycan arasında əlaqələrin inkişafına mane olan bütün amillərin aradan qaldırılmasını da vacib sayıb.

Səfir Cavanşir Axundov münasibətlərin hərtərəfli genişləndirilməsinə, o cümlədən iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinə tərəfdar olduğunu deyib. O, Oqtay Əsədovun Həsən Ruhaninin andiçmə mərasiminə qatılmaq üçün İrana edəcəyi səfərin iki ölkə arasında, həmçinin bu ölkələrin parlamentləri arasında əlaqələrin genişləndirilməsinə yardım göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım