Modern.az

Kurikulum sualları MİQ-dən çıxarılmalıdır - TƏKLİF

Kurikulum sualları MİQ-dən çıxarılmalıdır - TƏKLİF

Təhsil

12 İyul 2023, 12:04

Ötən gün 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb. İmtahanların ilk seansına riyaziyyat fənni üzrə 4400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5430 namizəd dəvət olunub.

 

İmtahan iştirakçılarının əksəriyyəti sualların əvvəlki illərlə müqayisədə çətin olmasından şikayətləniblər. Xüsusilə kurikulum suallarından narazı qalanlar üstünlük təşkil edir.

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov iddia edir ki, MİQ imtahanlarında təqdim olunan kurikulum sualları standartlara uyğun deyil.


"Təəssüflər olsun ki, müəllimlərin işə qəbulu imtahanında kurikulum fənnindən təqdim edilən test tapşırıqları məzmun standartlarına uyğun deyil. Xüsusilə imtahan suallarının daha çox əzbərlədici faktlardan ibarət olması iştirakçılara öz mənfi təsirini göstərir. Bu gün Azərbaycan təhsili 2008-ci ildən etibarən kurikulumun məzmun standartlarına uyğun olaraq imtahanlar təşkil edir”, - deyə o bildirib.

 

 

K.Əsədov hesab edir ki, kurikulumun orta məktəblərdə tədris edilməsi vacibdir. Çünki müasir tələblərdən biri budur:

 

"Lakin imtahandakı kurikulum məzmun standartları ilə ağır səviyyəli test tapşırıqlarını orta məktəblərdə tədris etmək mümkün deyil. Hazırda suallar əzbərləyici faktlardan ibarətdir. Biz yaddaş məktəbindən təfəkkür məktəbinə keçid etmişik. Belə məqamda imtahan suallarına xüsusilə diqqət yetirmək lazımdır. Ancaq biz fərqli mənzərə ilə rastlaşırıq. Görünür ki, imtahan suallarını hazırlayanların testologiyadan xəbərləri yoxdur. Biz bu cür test tapşırıqları ilə yaxşı müəllimi seçə bilmərik. Əksinə kimin yaddaşı güclü, ancaq tədris bacarığı zəifdirsə, onlar seçiləcək. Bu da orta məktəblərdə qarşıya qoyduğumuz hədəflərə çatmağa imkan verməyəcək".

 

Ekspert düşünür ki, kurikulum sualları MİQ imtahanlarından çıxarılmalıdır:

 

"MİQ imtahanlarında iştirakçıların ixtisas bilikləri yoxlanılmalıdır. İxtisasını yaxşı bilən müəllim, həm də yaxşı dərs keçə bilər”.

 

Qeyd edək ki, bugünkü imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub. 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. Müsabiqəyə ümumilikdə 9 min vakant yer çıxarılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi